Aprel ayı ərzində MEK -ə daxil olan sənədlər
27 Aprel 2017 19:52 SosialMərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bildirdi ki, MEK-ın təşkilatçılığı ilə keçirilən təqdimatlara diqqət və peşəkarlıq səviyyəsi daha da artıb. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Onun sözlərinə görə MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir. Vikipediya sahəsində görülən işləri diqqətə çatdıran L.İmanova MEK-in vikiçi qrupu tərəfindən 30-dan çox müəssisəyə təlimlər keçirildiyini söylədi.
Mərkəzdən "Olaylar" - a bildirlib ki, təqdimatçı MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva kitabxanaya aprel ayı ərzində daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) haqqında slaydlı təqdimatla çıxış edib. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. MEK-in aprel ayı ərzində hədiyyə yolu ilə 257 kitab, 233 jurnal, pulsuz məcburi nüsxə olaraq 235 kitab, 125 jurnal, 78 avtoreferat, 12 dissertasiya, 34 elektron vəsait əldə etdiyini açıqlayıb. Eyni zamanda MEK-ə yeni daxil olan Əli Bayramovun və Aleksandr Umnyaşkinin kolleksiyalarındakı kitablar haqqında da geniş məlumat verib.
Təqdimatda adı çəkilən "Kəlağayı" kitabının müəllifi, BDU Gender və tətbiqi sixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova kitab haqqında məlumat verib. İştirakçıları kəlağayının hazırlanma prosesini və spesifik xüsusiyyətlərini, o cümlədən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini diqqətə çatdırdı. Professor MEK-in milli-mədəni irsimizin təbliğində, qorunmasında və gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etdiyini xüsusi vurğulayıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli MEK-in fondlarda qorunan və o cümlədən yeni daxil olan kitabların təqdimatının keçirilmə ənənəsinin elmi ictimaiyyət üçün önəmindən danışdı.
AMEA Qafqazşünaslıq İnstitutunun söbə müdiri Günel Musayeva təqdimatda nümayiş olunan "The realities of Genocide" kitabının ərsəyə gəlməsi, "Respublika Xatirə Kitabı"nın baş redaktoru Nəzakət Məmmədova və redaksiyasının əməkdaşı Nahid Salayev hədiyyə edilən 15 cildlik nəşrdə I Dünya müharibəsindən Qarabağ savaşına qədər həlak olan qəhrəman Azərbaycan oğulları barədə məlumatların toplanması barədə danışdılar.