İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb

Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Təhsil və Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə nazir müavini xanım Zabrina Holmström ilə görüşüb.

Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Təhsil və Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə nazir müavini xanım Zabrina Holmström ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Zabrina Holmström görüşün ölkələrimiz üçün səmərəli olacağına inandığını deyib. O, Finlandiyanın mədəniyyət sahəsində siyasəti, bölüşdüyü dəyərlər və həyata keçirdiyi işlər barədə qonaqlara ətraflı məlumat verib. Finlandiya rəsmisi irqçilik və terrorizm məsələləri kimi çağırışların bu gün dünyanın ən böyük problemləri olduğunu qeyd edib. Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarşılandığını, lakin ölkəmizdə adi bir hal olduğunun bildirib. Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli

müxtəlifliyini və mədəni dəyərlərini qoruyur və ölkə daxilində insanların qardaşlıq şəraitində yaşaması üçün qarant rolunu oynayır. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətindən danışan şeyxülislam Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi, Prezidentin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi barədə danışıb. Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanla Finlandiya arasında daha sıx əlaqələrin qurulmasında bu səfərin əhəmiyyətini vurğulayıb. Ölkələrimizin eyni dünyəvi dəyərləri bölüşdüyünü qeyd edən Cavanşir Paşazadə bunu nəzərə alaraq parlamentlərarası sıx dialoqun qurulmasının önəmini diqqətə çatdırıb. Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Zabrina Holmströma ölkəmizin multikultural və tolerant mədəniyyətini əks etdirən müxtəlif kitablar və hədiyyələr təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31