Deputat: “Gənclər sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, öyrənməyə sərf etməlidir”
Millət vəkili Qənirə Paşayeva Qərb Universitetində tələbələrlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa və sosial medianın imkanlarından bu istiqamətdə daha fəal istifadə etməyə çağırıb.
27 Aprel 2017 16:16 SosialMillət vəkili Qənirə Paşayeva Qərb Universitetində tələbələrlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa və sosial medianın imkanlarından bu istiqamətdə daha fəal istifadə etməyə çağırıb. "Olaylar" xəbər verir ki, Q.Paşayeva görüşdə qeyd edib ki, aprel döyüşlərində Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva sonra gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib. Millət vəkili deyib ki, gənclər Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməlidir: "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir". Millət vəkili tələbələrə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımları, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.