Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
26 Aprel 2017 14:36 Sosialİnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, o cümlədən yeni klubun və televizor otağının tikilməsi, bəzi yerlərdə təmir-yenidənqurma işlərinin davam etdirildiyi müşahidə edilmişdir. Eyni zamanda həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılmış, habelə bir sıra müraciətlər yerində təmin edilmişdir. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, hüquqi maarifləndirici söhbətlər aparılıb.