Vətəndaş çəmiyyətləri çıxış yolu axtarırlar
Ölkədə fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.
26 Aprel 2017 14:11 SosialMBNP-nin banklara məhdudiyyətlər yaratmaq haqqında göstəriş vermək səlahiyyəti varmı?
Ölkədə fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Buna səbəb isə "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsi olub. Yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb. Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktou Rəna Səfərəliyeva qeyd edib ki, MBNP-nin banklara məhdudiyyətlər yaratmaq haqqında göstəriş vermək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, "Şəffaflıq Azərbaycan" təşkilatı vergi ödəyicilərinə münasibətdə "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi prosesini diqqətlə izləyir: "Təşkilatımız eyni zamanda Qanunun tələblərinin praktikada fərqli şəkildə tətbiq olunduğunu nəzərə çatdırır, onun düzgün tətbiq edilməməsinin biznes və QHT sektoruna mümkün mənfi təsirlərindən narahat olduğunu bildirir. "Şəffaflıq Azərbaycan" təşkilatı ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyir. Son vaxtlar Qanunun tələblərinin icrası adı ilə banklar tərəfindən müştərilərə (biznes subyektlərinə), o cümlədən QHT-lərə münasibətdə bir sıra problemlər yaradılması müşahidə olunur. Elə təəssürat yaranır ki, Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 4 aprel 2017-ci il tarixli 04/15-174 nömrəli banklara göndərilən Qanunun icrası ilə bağlı göstəriş məktubu banklar tərəfindən aydın anlaşılmamış, bütün hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanmışdır. Nəticədə, QHT-lərin fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olub".
O, əlavə edib ki, banklar tərəfindən QHT-lərin (maliyyələşmə mənbəyindən asılı olmayaraq) korporativ bank kartları ilə bankomatdan pulu nağdlaşdırması faktiki qadağan olunaraq həmin kartlardan nağd pul vəsaitinin əldə edilməsinə maneələr yaradılmış, kartlar bloklaşdırılıb:
"Yaranmış vəziyyət "Şəffaflıq Azərbaycan" təşkilatının regional ofislərinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Hazırda, təşkilatımıza məxsus korporativ bank kartı bloklaşdırıldığı üçün regional ofislərimizin əməkdaşları tərəfindən nağd pul vəsaitinin əldə edilməsi heç bir əsas olmadan məhdudlaşdırılıb. Regionlarda nağdsız əməliyyatların aparılması üçün kifayət qədər infrastruktur olmaması bir sıra kiçik xərclərin nağd formada ödənilməsini qaçılmaz edir. Mövcud çətinlik təşkilatımızın regionlardakı fəaliyyətində lüzumsuz ləngimələrə gətirib çıxarır. Dövlət büdcəsi hesabına verilmiş qrantlar əsasında fəaliyyət göstərən QHT-lərə münasibətdə isə ümumiyyətlə nağdlaşdırmanın qadağan olunduğu iddia edilir. Palatanın banklara göndərdiyi məktubda dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsinin) yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Lakin banklar tərəfindən sözügedən müddəanın QHT-lərə dövlət büdcəsi hesabına verilmiş Qrant müqavilələrinədə şamil edilərək tətbiq edilməsinə başlanılıb. Ümid edirik ki, qanunun bu müddəası düzgün icra edilərək, bütün satınalma subyektlərinə nisbətdə obyektiv şəkildə tətbiq ediləcək. Qanunda fərdi sahibkarlara bankomatdan 15,000 AZN məbləğinə qədər nağdlaşdırma həddi müəyyən edilsə də, praktikada banklar tərəfindən bu məbləğ heç bir əsas olmadan 5,000 AZN-dək azaldılıb. Təşkilatımıza daxil olmuş şikayətlərdən məlum olur ki, fərdi sahibkarlara korporativ bank hesablarından ayda cəmi 5,000 AZN məbləğinə qədər nağdlaşdırma həddi müəyyən edilib. Sahibkar yerdə qalan 10,000 AZN məbləği nağdlaşdırmaq üçün banka getməyə məcburdur. Hesab edirik ki, sözügedən bu məhdudiyyətin heç bir qanuni əsası yoxdur. Məlumat üçün bildirək ki, nağdlaşdırma dedikdə - həm ödəniş kartları vasitəsilə bankomatdan, həm də birbaşa banka gedərək çıxarılan nağd pul vəsaiti nəzərdə tutulur. Qanuna əsasən nağdsız əməliyyatlar iki formada - mütləq qaydada və məhdudlaşdırılan nağdsız əməliyyatlar şəklində həyata keçirilə bilər". QHT rəhbəri hesab edir ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun icrası ilə bağlı korporativ bank kartlarına tətbiq edilən hər hansı məhdudiyyətin leqal olması üçün mövcud qaydalara əlavə və ya dəyişikliklər edilməli, yaxud yeni qaydalarla əvəz edilməlidir. Qanunun icrasına nəzarəti həyata keçirən qurum qismində Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara göndərdiyi məktub və ya göstəriş qanun çərçivəsində icra edilməlidir. Palatanın qanundankənar banklar tərəfindən məhdudiyyətlər yaradılmasına dair göstəriş verməyə səlahiyyəti yoxdur. Hesab edirik ki, bu məsələ ilə əlaqədar Palata tərəfindən kütləvi qanun pozuntularına nəzarətin artırılmasına, istehlakçı hüquqlarının qorunmasına dair müvafiq tədbirlərin görülməsinə, həmçinin, sözügedən Qanunun fərqli subyektlərə münasibətdə necə tətbiq olunmasına dair banklara müvafiq izahatların verilməsinə ehtiyac vardır".
Nurlan