Mediaya yaradılan şəraitə görə Azərbaycan regionda lider sayıla bilər
Müstəqillik illərindən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də özünün uğurlu inkişaf yolunu keçib. Düzdür, müstəqilliyin ilk illərində hər bir istiqamətdə, eləcə də kütləvi informasiya vasitələri ilə iş sahəsində müəyyən problemlər, çətinliklər olub. İttifaqın tərkibindən yenicə ayrılan Azərbaycanda azad söz, müstəqil fikir və ifadə azadlığına ciddi zərurət yaransa da, lakin o zamankı yerli rəhbərlik bu kimi demokratik prinsipləri qətiyyən yaxına buraxmır, bir növ fikir, söz azadlığı, plüralizmi özünün bir nömrəli düşməni hesab edirdi. Ancaq hadisələr qeyd edilən istiqamətə doğru cərəyan edirdi və bu qarşısıalınmaz bir prosesə çevrilirdi. Çünki müstəqil bir respublikanın fikir, söz, ifadə azadlığı, plüralizmə ciddi yanaşması, onların inkişaf etdirilməsində maraqlı olması zəruri idi.
25 Aprel 2017 16:23 SosialVəfa Orxan: "Ölkədə söz və mətbuat azadlığının bərpa olunması sırf Heydər Əliyevin adı ilə bağlıdır"
Müstəqillik illərindən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də özünün uğurlu inkişaf yolunu keçib. Düzdür, müstəqilliyin ilk illərində hər bir istiqamətdə, eləcə də kütləvi informasiya vasitələri ilə iş sahəsində müəyyən problemlər, çətinliklər olub. İttifaqın tərkibindən yenicə ayrılan Azərbaycanda azad söz, müstəqil fikir və ifadə azadlığına ciddi zərurət yaransa da, lakin o zamankı yerli rəhbərlik bu kimi demokratik prinsipləri qətiyyən yaxına buraxmır, bir növ fikir, söz azadlığı, plüralizmi özünün bir nömrəli düşməni hesab edirdi. Ancaq hadisələr qeyd edilən istiqamətə doğru cərəyan edirdi və bu qarşısıalınmaz bir prosesə çevrilirdi. Çünki müstəqil bir respublikanın fikir, söz, ifadə azadlığı, plüralizmə ciddi yanaşması, onların inkişaf etdirilməsində maraqlı olması zəruri idi. Ancaq bu zərurət 1993-cü ildən sonra daha çox hiss edilməyə başlandı. Daha doğrusu 1993-cü ildə ölkədə gərgin siyasi durumun yetişdiyi bir ərəfədə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə hər bir sahədə olduğu kimi mətbuatla iş sahəsində də ciddi dönüş yaratdı. Hər zaman mətbuatla, kütləvi informasiya vasitələri ilə yaxından təmasda olmağı, onlarla birgə, bərabər işləməyi üstün tutan ümummilli lider çox gözəl bilirdi ki, mətbuat cəmiyyətin güzgüsü və ən optimal təbliğat vasitəsidir. Hər hansı atmış olduğun addım, gördüyün iş məhz mətbuat, kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılır. Bunun üçünsə kütləvi informasiya vasitələrinin azad, müstəqil fəaliyyət göstərməsi zəruri amillərdəndir. Məhz bu zərurəti dərindən dərk edən ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzalamış olduğu tarixi sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələri üzərində keçmiş SSRİ zamanından tətbiq olunmuş senzuranı aradan qaldırmış oldu. Heydər Əlievin bu sərəncamı əslində dünyaya bir mesaj idi. Ümummilli lider bu sərəncamı ilə dünyaya, beynəlxalq aləmə mesaj verirdi ki, müstəqil Azərbaycan demokratik prinsiplərə, ənənələrə tam sadiqdir, bu prinsiplərin inkişaf etdirilməsində maraqlıdır. Demokratik prinsiplərin başlıca amili söz, fikir, məlumat azadlığıdır ki, Azərbaycan senzuranı ləğv etməklə həmin prinsipləri inkişaf etdirməkdə maraqlı olduğunu açıq şəkildə ortaya qoyur.
Bu gün qətiyyətlə deyə bilərik ki, hazırda müstəqil, azad şəkildə fəaliyyət göstərən, heç bir maneə, əngəllə qarşılaşmayan Azərbaycan mətbuatının müasir dövürdəki inkişafının təməli məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və Azərbaycan qeyd edilən istiqamətdə daha uğurlu nəticələr, nailiyyətlərə imza atır. Elə jurnalist-və blogger Vəfa Orxan da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Vəfa Orxan Azəbaycan mətbuatının hazırkı durumu, ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də danışıb.
-Vəfa xanım , günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?
-Bildiyimiz kimi, bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bunların arasında gündəlik xəbərləri cəmiyyətə çatdıran aktiv xəbər portallarınının fəaliyyəti daha qənaətbəxş hesab olunur. Biz televiziyalardan daha operativ şəkildə mövcud məlumatı aktiv xəbər portallarından əldə edirik, gündəmi onlarla təqib edirik, ən son hadisələrlə onlar vasitəsilə tanış oluruq. Xəbər portallarının "reket" deyilən bir qolu vardır ki, məqsədləri mediaya ləkə olmaqdan başqa bir şey deyil. Bir ara qol-qanad açan , fəaliyyətini genişləndirən "reket" jurnalistikasının son illərdə yollarını bağlayacaq tədbirlər görülmüş, hal-hazırda da onlara qarşı dövlət tərəfindən tədbirlər görülməkdə davam edir.
-Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?
-Azərbaycanda söz azadlığının hazırki durumu KİV-lərlə bərabər, şəxslərlə də ölçülür. Hal-hazırda hər bir insan düşündüyünü sosial şəbəkədə açıq yazır, düşündüklərini aydın şəkildə ifadə edir, dəstəklədiyi şəxsləri və durumları təbliğ edir və yaxud sevmədiyi, dəstəkləmədiklərini açıqca tənqid edir. Bunun hər gün daha da bariz şahidi oluruq. Lakin bəzi hallarda tənqid öz yerini təhqirə verir ki, bu hər bir halda qəbuledilməzdir. Heç kim təhqirə layiq deyil və təhqir olunan şəxs digər tərəf haqqında hüquq-mühafizə orqanlarına müraciət etməkdə azaddır.
-Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?
-Ölkə Prezidenti seçildiyi gündən söz azadlığı, plüralizmin inkişaf etdirilməsini daima diqqət mərkəzində saxlamış, mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioriteti kimi elan etmişdir. Məhz söz azadlığına göstərdiyi diqqət və qayğı nəticəsində illər öncə imzaladığı fərmanla Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı, bununla bərabər jurnalistlər üçün bina tikildi, hər il onlarla jurnalist Prezidentin fərmanı ilə ali dövlət mükafatları ilə təltif olunur və s. Dövlət başçısı öz çıxışlarında dəfələrlə Azərbaycanda mətbuatın fəaliyyətini dəstəklədiyini bildirmiş və onlara göstərdiyi diqqətin bundan sonra da davam edəcəyini bildirmişdi.
-Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?
-Ümummilli lider Heydər Əliyevin söz və mətbuat azadlığı, plüralizmin təmin edilməsi istiqamətində xidmətlərini yazmaqla, saymaqla bitməz. Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır. Ölkədə söz və mətbuat azadlığının bərpa olunması sırf Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün çıxışlarında ölkə jurnalistlərini obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırırdı. Heydər Əliyev "Bizim məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha çox təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün tərəfdarı, azad mətbuatın qarantı olduğunu hər zaman bildirirdi.
-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?
-Mediamız deyərkən, söz azadlığından sözün əsl mənasında faydalanan bir neçə mətbu orqan var ki, ancaq onların sayəsində qərəzsiz və dəqiq məlumatları alırıq və biz də öz növbəmizdə cəmiyyyətlə paylaşırıq. Bilirsiz, bir cəmiyyətin mövcud olmasını onun yaşatdığı media vasitəsilə görmək olar. Media cəmiyyətin güzgüsüdür. Obyektiv media cəmiyyətin bütün naxışlarını, çalarlarını özündə əks etdirir. Media nəinki ölkə daxilində, əslində ölkə xaricində də vətənini, cəmiyyətini lazımınca təbliğ etməlidir. Məsələn, götürək Dağlıq Qarabağ münaqişəsini. 20-ci əsrin faciəsi olan Xocalı soyqırımını. Bunların dünyaya yayılmasında bizim müxtəlif xarici dillərdə yayımlanan saytlarımızın üzərinə böyük vəzifə düşür. Həmçinin sosial şəbəkələrdə aktiv olam haştaglardan istifadə edərək, Qarabağda baş verənləri dünya ictimaiyyətinə çatdıra bilərik. Bunun üçün uşaq, böyük bilmədən hamımız səfərbər olmalıyıq.
-Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?
-Əlbəttə, bəzi hallarda deyərkən, bəzi saytların işi elə bundan ibarətdir. Söz azadlığını əllərində bayraq tutaraq, qurumları və şəxsləri şantaj etmək, şər-böhtan, qarayaxma kompaniyası, şantaj xarakterli videolar hazırlamaq və s. Söz azadlığı altında xaricdə fəaliyyət göstərən bəzi dırnağarası saytlar vardır ki, maliyyəsinin mənbəyini bildirmədən gecə-gündüz Azərbaycana qara yaxmaqla məşğuldurlar. Belələrinə deyirlər sapı özümüzdən olan baltalar. Hal-hazırda mən də, digər blogger yoldaşlarım da, onları zərərsizləşdirməklə məşğuluq və onlar öz çirkin əməllərindən vaz keçməyənə kimi də mübarizəmizi davam etdirəcəyik.
-Ümumiyytlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?
-Doğrudan da mediaya yaradılan şəraitə görə Azərbaycan regionda lider sayıla bilər. KİV haqqında qanunun 8-ci maddəsində jurnalistlərin hüquqları tam şəkildə göstərilmişdir. Hər bir jurnalistin qanun çərçivəsində məlumat almaq, ötürmək, hazırlamaq və s hüququ vardır. Ələlxüsus da, Azərbaycanda mətbuata göstərilən qayğının bariz nümunəsidir ki, son illər mətbuatda işıqlandırılan əksər problemlər an olaraq, həllini tapmış, bəzi məsələləri ölkə başcısı şəxsən nəzarətinə götürmüş, cəmiyyətdə olan problemlərin həllini tezləşdirmişdir. Bu günkü media üçün şəxsən cənab Prezidentə minnətdarıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir