Uşaqların tərbiyyəsini kimə etibar edək?
Hazırda işədüzəltmə bürolarında ən çox tələb olunan işlərdən biri də dayələrlə bağlıdır ki, bu sahədə sözün həqqiqi mənasında nizamsızlıq hökm sürür. Vəziyyət o həddə çatıb ki, işədüzəltmə təşkilatları heç bir tələb, heç bir şərt irəli sürmədən televeriliş iştirakçılarını birbaşa dayə işinə dəvət edirlər.
25 Aprel 2017 14:54 SosialValideynlərə, yoxsa dayələrə?
Hazırda işədüzəltmə bürolarında ən çox tələb olunan işlərdən biri də dayələrlə bağlıdır ki, bu sahədə sözün həqqiqi mənasında nizamsızlıq hökm sürür. Vəziyyət o həddə çatıb ki, işədüzəltmə təşkilatları heç bir tələb, heç bir şərt irəli sürmədən televeriliş iştirakçılarını birbaşa dayə işinə dəvət edirlər. İşaxtaranın təhsili, dünyagörüşü, pedaqoji təcrübəsi, hətta psixi vəziyyəti nəzərə alınmadan dayə kimi işə dəvət edilməsi isə heç cür anlaşılan deyil. Çünki illərlə təcrübəsi olan dayələrin uşaqlara necə fiziki və psixi təsir etmələri faktları dəfələrlə qeydə alınıb. Bəs belə halda valideyinlər öz övladlarını hətta orta təhsili olmayan "dayələrə" necə etibar edirlər? Əvvala qeyd edək ki, tarixən dayələr daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarının tərbiyyəsi ilə məşğul olan, elmi, savadı ilə seçilən xüsusi qabiliyyətli insanlar olub. Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişərək öz mahiyyətini itirməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yerinə çevrilib. Bu kateqoriyadan olan insanlar sadəcə düşünürlər ki, öz övladlarını böyütmələri onların dayə kimi çalışmalarına imkan yaradır. Son zamanlar işləyən qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olub. Bağçaların azlığı, onların keyfiyyətli xidmətinə inamın olmaması valideynlərin dayələrə üz tutmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, bizim cəmiyyətdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan biridir. Düşüncələrə görə, əgər bir qadın bu işləri bacarırsa, deməli, o, normal dayə hesab oluna bilər. Əlbəttə, bu düşüncələr dayəlikdən daha çox, xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də illərdir, bu sahədə inkişaf yox, əks proses yaşanır. Yəni dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır. Məhz bu kimi halların nəticəsidir ki, son zamanlar dayələrin uşaqlarla qəddar rəftarı, onlara işgəncə vermələri və hətta fiziki zor tətbiq etmələrinin şahidi oluruq. Bəs, belə vəziyyətin yaranmasında günahkar kimdir, minimum tələbatlara cavab verməyən dayələr, yoxsa övladlarını tanımadıqları şəxslərə etibar edən valideyinlər? Ymumiyyətlə uşağın tərbiyyəsi və təhlükəsizliyi ilə kim məşğul olmalıdır, dayələr, yoxsa valideyinlər?
Dayə, yoxsa valideyin tərbiyyəsi?
Qeyd edək ki, uşaqların uzun müddət dayə ilə birlikdə olması valideynlə olan münasibətlərinə də təsirsiz ötüşmür. Çünki adətən, belə uşaqlar valideyndən daha çox, dayə ilə vaxt keçirir və nəticədə ona öyrəşməyə, hətta onu doğma ana kimi qəbul etməyə başlayırlar. Sosioloq Rafiq Təmrazov uşağın dayə, yoxsa valideyin tərəfindən tərbiyə olunması mövzusunun hər zaman mübahisə doğurduğunu deyir: "Əgər ailələrin maddi imkanları yaxşı, həm də işləri uşaqla məşğul olmağa imkan vermirsə, bu zaman dayəyə ehtiyac olur. Ancaq qadın və ya kişi növbə ilə uşağı saxlaya bilsələr, yaxşı olar. Çünki uşağın valideynlər tərəfindən tərbiyə olunması daha yaxşı variantdır. Bu həm də valideyn övlad münasibətlərinin müsbət istiqamətdə formalaşmasına xidmət edir". Xarici ölkələrin dayəlik məktəbi ilə təcrübələrinə toxunan sosioloq deyir ki, bəzi ölkələrdə dayəlik artıq bir sənət növü kimi qəbul edilir: "Bır sıra Avropa ölkələrində dayəlik xidməti bizdən daha əvvəl yaranıb və artıq bu iş bir sənət hesab olunur. Amma bizdən fərqli olaraq həmin ölkələrdə ailə münasibətləri aşağıdır. Dayə tərbiyəsinin bir üstünlüyü isə həmin uşaqların əmək tərbiyəsini daha tez mənimsəmələridir". Onun sözlərinə görə, körpə vaxtında uşağa baxan şəxs süd anası hesab olunur ki, bu həm də bəzən uşağın sonrakı tərbiyəsində də mühüm rol oynayır. Lakin bir yaşdan sonra uşağın anası ilə münasibəti daha çox olmalıdır, nəinki dayəsi ilə. İki yaşdan sonra isə uşağı dayənin nəzarətinə vermək olar. Sirr deyil ki, dayənin uşaq saxlamaq bacarığı ilə yanaşı, onun etibarlı olması da mühüm şərtlərdən hesab olunur. Çünki valideyinlər canlarından əziz olan övladlarını dayələrə etibar etməli olurlar. Lakin bu sahəyə nəzarət olmadığından çoxsaylı problemlər yaşanır. Ekspertin qənaətincə, bu məsələdə həm dövlətin nəzarəti, həm də hansısa hüquqi məsələnin aydınlaşdırılması üçün bir mexanizminin olmaması müəyyən problemlərin meydana çıxmasına səbəb olur. Ona görə də dayələr rəsmi orqanlar tərəfindən qeydiyyata alınmalı və onlarla müqavilə bağlanmalıdır. Məhz belə müqavilə olmadığı üçün hər iki tərəfin qarşılıqlı məsuliyyəti də olmur. Psixoloq-psixiatr Təhminə Çələbinin bildirdiyinə görə, hər bir alı təhsili olan şəxs dayə ola bilməz. Dayə olmaq istəyənlər xüsusi təhsil almalı və psixoloji testdən keçməlidir: "Təəssüf ki, Azərbaycanda işsiz qalmış qadınlar fikirləşirlər ki, kiminsə uşağına baxaram. Lakin fikirlkəşmirlər ki, dayəlik etmək o qədər ciddi məsələdir ki, bunun üçün kifayət qədər ciddi tələblərə cavab vermək lazım gəlir. Məsələ orasındadır ki, Azərbaycanda dayəliklə bağlı rəsmi, yaxud qeyri-rəsmi tədris mərkəzi yoxdur. Hətta belə demək mümkündürsə, dövlətin dayəlik fəaliyyətindən xəbəri belə yoxdur. Sadəcə qəzetlərdə elan verilir, yaxud kimsə təqdimat verir, valideyin də tanımadığı, bilmədiyi şəxsə övladını etibar edir. Əslində isə ilk öncə dayənin ali təhsili pedaqoqika ilə bağlı olmalıdır. Dayə uşaq psixologoyasını çox dərindən bilməlidir, yaş psixologoyasına, diotoloq ixtisasına bələd olmalıdır. Dayə ən azından bilməlidir ki, uşaq necə aylığında, hansı yaş dövründə hansı qidadan istifadə edə bilər. Deməli, dayə hərtərfli biliyə malik universal bir insan olmalıdır. Əks halda, sadəcə iş tapa bilmədim deyə pul qazanmağın asan yolunu seçmək mənfi fəsadlarla sonuclana bilər".
Dayələr hansı keyfiyyətlərə malik olmalıdır?
Ekspertlərin fikrincə, valideyinlər dayə seçərkən diqqətli olmaqla yanaşı, bir sıra amilləri nəzərə almalıdır. Dayə seçərkən daha çox onun rus və ya ingilis dilini bilməsinə, yaşının çox olmamasına, təhsilinə və psixoloji durumuna diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, əksər ailələr yalnız dayənin uşaqla davranışına diqqət edirlər, qalan məsələlər isə onları maraqlandırmır. Əslində isə dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacib şərtdir. Dayənin uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Müsbət haldır ki, dayə seçərkən onun hansısa müəssisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm verilsin. Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına da diqqət edilməlidir. Ümumiyyətlə, dayə həm də yaradıcı şəxs olmalıdır ki, uşağı da yaradıcılığa meylləndirsin. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Çünki müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri tükənir. Bundan başqa, uşağı olmayan, heç zaman uşağa baxmayan dayə də məsləhət görülmür. Həmçinin dayənin müasir texnologiyalarla da işləmək bacarığı, uşağın suallarına cavab verəcək bir səviyyədə olmalıdır. Nəzərə almaq lazımdır ki, artıq iki yaşda uşaq ətraf aləmi, əşyaları dərk etməyə başlayır, ona görə də dayə bu işdə ona yardımçı olmalıdır. Dayə emosiyalarını cilovlamağı, uşağa müsbət hisslər aşılamağı bacarmalı, etiket qaydalarını bilməlidir. Valideynlərlə uşaq arasında bir körpü rolunu oynamalı, müəyyən dövrdən sonra isə, artıq onların birbaşa ünsiyyətini təmin etməlidir. Psixoloq-psixiatr Təhminə Çələbinin fikrincə, daimi işləməyə hazırlaşan insanın psixoloji durumu mütləq müəyyənləşdirilməlidir: "Valideyin uşağını etibar etdiyi şəxsin təhsili ilə yanaşı, psixoloji durumu ilə maraqlanmalıdır. Uşaqla ünsiyyətdə olan şəxsin psixoloji durumunun normal olması çox önəmli faktordur. Çünki mümkündür ki, dayənin təhsili qaydasında olsun, amma psixoloiyi durumunda problemlər yaşansın, daha dəqiq aqressiyaya meyilli olsun. Belə insanların təbii ki, dayə olması olduqca təhlükəlidir". Onun sözlərinə görə, bu məsələdə valideyinlərin də üzərinə məsuliyyət düşür. Belə ki, bəzi hallarda valideyinlər lazımi araşdırma aparmadan uşaqlarını tanımadıqları şəxsə etibar edirlər. Bu isə sonradan bir sıra proablemlərin yaranmasına səbəb olur. Onu da unutmayaq ki, körpə üçün ən münasib qəyyum elə ata-ananın özüdür. Başqaları bu sahədə nə qədər böyük bilik və təcrübəyə malik olsalar belə, körpənin valideyn məhəbbətinə olan ehtiyacını ödəməkdə acizdirlər. Valideyndə mövcud olan himayə hissi bəşər nəslinin davamı üçün ən əsas amildir. Əgər Yaradan ata-anaya belə bir hiss əta edibsə, deməli valideyin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borcludur.
Zəka