"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans
Aprelin 24-də AMEA – nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbir iştirakçıları ilk olaraq II Fəxri Xiyabanda A.Ağundovun məzarını ziyarət ediblər.
24 Aprel 2017 16:53 SosialAprelin 24-də AMEA - nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbir iştirakçıları ilk olaraq II Fəxri Xiyabanda A.Ağundovun məzarını ziyarət ediblər. Sonra AMEA-nın Əsas binasında alimin elmi yaradıcılığını əhatə edən kitablarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri Ağamusa Axundovun dilçilik elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb. "Akademik Ağamusa Axundov haqqında söz" adlı məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Axundovun apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını bildirib. Konfransda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun "Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov" adlı məruzəsi dinlənilib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Erden Kajibekov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Şükrü Haluk Akalın çıxış edərək akademik Ağamusa Axundovun elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışıblar. Təşkil olunan telekörpü vasitəsilə xarici alimlər A.Axundov haqqında fikirlərini bölüşüblər.
Konfransa aprelin 25-də yekun vurulacaq.