“Qaz vurub, qazan dolduran” şadlıq evləri

İnkar edilməz faktdır ki, Azərbaycanda restoran və şadlıq evi biznesi sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən şadlıq evlər və restoranların sayı deməyə əsas verir ki, sahibkarlar bu sahəyə xüsusi diqqət yetirirlər. İstənilən fəaliyyət növü ilə  məşğul olan sahibkar restoran biznesində də özünü sınamağı lazım bilir.

Bu iaşə obyektləri vergidən necə yayınırlar?

İnkar edilməz faktdır ki, Azərbaycanda restoran və şadlıq evi biznesi sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən şadlıq evlər və restoranların sayı deməyə əsas verir ki, sahibkarlar bu sahəyə xüsusi diqqət yetirirlər. İstənilən fəaliyyət növü ilə  məşğul olan sahibkar restoran biznesində də özünü sınamağı lazım bilir. Elə bu səbədən də bir çox iri şirkətlərin nizamnaməsində restoran, otel və şadlıq evi  biznesi əksini tapıb. Məsələ orasındadır ki, Azərbaycanda fəaliyyət göstərən bu növ iaşə xidmətləri heç də vicdanlı fəlaiyyətlə qazanc əldə etməyə üstünlük vermir. Görünən odur ki, restoran və şadlıq evləri istehlakçıları aldatmaq yolu ilə fəaliyyət qurublar. Daha dəqiq, ölkədə həyata keçirilən istənilən iqtisadi islahat bu fəaliyyət növü sahiblərinin "xeyrinə işləyir". Yəni, restoran və şadlıq evlərinin sahibləri dövlət orqanları tərəfindən qəbul edilən istənilən qərardan sui-istifadə etməyə çalışırıar. Vəziyyət o həddə çatıb ki, ölkədə süni qiymət artımının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən də maksimum yararlanmağa çəhd edirlər. Xatırladaq ki, bir müddət öncə, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etdi.  Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırıldı. Xüsusən spirtli içkilərə  tətbiq edilən aksiz vergilərinin artırılması dərhal şadlıq evlərində qiymətlərə təsir etdi. Nəticədə şadlıq evləri müştərilərə fantastik qiymətlər təklif etməyə başladı. Spirtli içkilər təklif edən restoranların menyularında qiymətlər kəllə-çarxa qalxdı. Hansı ki, ölkədə fəaliyyət göstərən əksər restoran və şadlıq evləri müştərilərə yerli istehsal olunan spirtli içkiləri xarici brend məhsulunun adı altında təklif edirlər.

Hazırda restoran və şadlıq evləri qazanclarının "çiçəklənən" dövrünü yaşayırlar. Buna isə səbəb ölkədə manatın məzənnəsinin aşağı düşməsi olub. Belə ki, restoran və şadlıq evləri Mərkəzi Bankın məlum qərarını əsas gətirərək qiymətlərdə xeyli artım tətbiq edirlər. İstər restoranların, istərsə də şadlıq evlərinin menyusunda qiymətlər nəzərəçarpacaq dərəcədə artırılıb. Şadlıq evlərinin telekanallarda gedən köhnə reklamları isə istehlakçıların aldadılmasına birbaşa yardım edir. Belə ki, reklamlarda şadlıq evlərində bir stolun qiymətinin minimum 22 manatdan başlanması bildirilsə də reallıqda heç 25 manata da yer tapmaq mümkün olmur. Bu qiymətlə də o halda razılaşılır ki, təklif olunan menyi düz yarbayarı azaldılır. Şadlıq evləri isə buna "imiclərini qoruyub saxlamaq" istəyindən getməkdə maraqlı deyillər. Yeri gəlmişkən qeyd edək ki, paytaxt Bakının müxtəlif ərazilərində fəaliyyət göstərən şadlıq evlərində qiymətlər kəskin şəkildə fərqlənir. Baxmayaraq ki, həmin şadlıq evlərində menyular bir-birini təkrarlayır, müştərilərə toydan qalmış köhnə yeməklər təqdim edilir, bəzi hallarda isə at, eşşək, it ətindən istifadə etməkdən belə çəkinmirlər. Üstəlik həmin şadlıq evlərinin akustikasından tutmuş yeməklərinə, işçi personalına qədər heç biri normativ standartlara uyğun gəlmir, sanitar-gigiyenik qaydalara riayyət olunmur. Lakin nisbətən qıraq yerlərdə 25-30 manata təklif edilən menyular paytaxtın  mərkəzi ərazilərində hətta 170-180 manata qədər dəyişir.  Onu da nəzərə alaq ki, şadlıq evləri, ölkədə israfçılığın qarçısının alınması istiqamətində ictimai fəallığın artmasını nəzərə almadan belə fantastik qiymətlər təklif edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edib. Artıq bu istiqamətdə komitə bəzi tədbirlər həyata keçirib. Komitədə hesab edilir ki, son zamanlar qiymət və yemək çeşidlərinin qiyməti həddən çox şişirdildiyindən israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb. Məlumdur  ki, hər bir şadlıq evində sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur ki, nəticədə şadlıq evləri iri həcmli vergi ödəməkdən yayınmış olurlar. Əgər müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar. Araşdırmalar deməyə əsas verir ki, restoran və şadlıq evlərində yoxlamaların dayandırılması şadlıq evi biznesinə də əməlli-başlı təsir göstərib. Artıq restoran və şadlıq evləri qiymət artımının səmərəliliyini hiss etməkdədirlər. Belə ki, bu iaşə obyektlərində  qiymət artımı açıq-aydın müşahidə olunur. Xüsusən, gecə saatlarında və tədbirlər zamanı müştərilərə "qiymət oxunur". Bir çox restoranlarda isə hətta sui-istifadə hallarına yol verilir. Sorğu apardığımız restoran və şadlıq evlərinin nümayəndələri baş verən qiymət artımını kənd təsərrüfatı və ərzaq mənsularının qiymətlərinin bahalaşması ilə izah etməyə çalışdılar. Ancaq ekspertlər tamamilə fərli fikirdədirlər. Onların qənaətincə, restoran və şadlıq evlərində qiymətlərin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. Əvvala, manatın məzənnəsi endikdən sonra hökumət əsassız qiymət artımının qarşısının alınması istiqamətində çox ciddi addımlar atır. Məhz görülən tədbirlərin nəticəsidir ki, artıq sözügedən qərarın qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərzaq və qeyri ərzaq malların qiymətində elə bir ciddi artım müşahidə olunmayıb. Digər tərəfdən, restoran və şadlıq evlərinin böyük əksəriyyəti kart sistemi ilə ticarət mərkəzlərinidən ərzaq almağa üstünlük vermirlər. Çünki onların əksəriyyətinin gizli istehsal sahələri var ki, orada məhsullar satışda olandan bir neçə dəfə ucuz başa gəlir. Şadlıq evləri və restoranların  əksəriyyətində kart sisteminin işləməsi vergidən yayınmaya şərait yaradır.  Araşdırma zamanı onu da öyrənə bildik ki, bir sıra restoran və şadlıq evlərinin özlərinin sərinləşdirici və spirtli içkilər, müxtəlif salatlar, şirniyyat, kompot və duzlu istehsalı ilə məşğul olan xüsusi sexləri var. Məhz bu sexlərdə ucuz qiymətə başa gələn ərzaqlar müştərilərə baha qiymətə  təklif edilir. Bu isə o deməkdir ki, restoran sahibləri kart sistemindən yayınmaqla əməlli-başlı gəlir götürürlər. Çünki ucuz başa gələn məhsulu  bahalaşma adı altında müştərilərə artıq qiymətə təklif edirlər. Məsələ orasındadır ki, şadlıq evləri ərzaq məhsullarınınm əksəriyyətini gizli sexlərdə hazırladıqlarından onların keyfiyyəti standartlara uyğun gəlmir. Məsələn, bir müddət öncə SMPDK tərəfindən 75 şadlıq evi və restoranda  aparılan yoxlamalar zamanı bəlli olub ki, onlarında 36-da standart şərtlərinə riayət etmir. Əsas problemlər - salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoyulub. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur. Mütəxəssislərin fikrincə, dövlət orqanları tərəfindən şadlıq evlərində qiymətlərin tənzimləməsi qeyri-mümkündür. Daha dəqiq, dövlət orqanlarının qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur. Yəni, ölkədə bazar iqtisadiyatı hökm sürdüyündən sahibkar istədiyi qiyməti təklif edə bilər. Ancaq bu qiymətlər ağlabatan və əhalinin gəlirlərinə uyğun olmalıdır. 

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31