Elçin Hüseynbəyli yazır...Dünyanı idarə edənlər...
Bunu da onlar göndərib, -deyə televizora işarə ilə deyir. -Kimi? – mən təəccüblə gözümü döyürəm. Təəccüblənirəm ona görə ki, mənim ( artıq həm də sizin) baməzə, yəni zarafatcıl dosum (dostumuz) xasiyyətinin tam əksinə olaraq ciddi görkəmdə deyir.
24 Aprel 2017 13:30 SosialElçin Hüseynbəyli
Dünyanı idarə edənlər...
-Bunu da onlar göndərib, -deyə televizora işarə ilə deyir.
-Kimi? - mən təəccüblə gözümü döyürəm. Təəccüblənirəm ona görə ki, mənim ( artıq həm də sizin) baməzə, yəni zarafatcıl dosum (dostumuz) xasiyyətinin tam əksinə olaraq ciddi görkəmdə deyir.
O isə ciddi görkəmlə cavab verir:
-Trampı.
-Bəs onlar kimdi?
-İnoplanetyanlar, yəni başqa planetdən gələnlər. Neçə illərdir ki, dünyanı onlar idarə edir və dünyaya bir səhnə kimi baxır. Aranı qarışdırır və kef edirlər özləriçün. Kefləri istəyəndə bir başdanxarabı səhnəyə çıxarırlar, yəni hakimiyyətə gətirirlər ki, dünyanı dasğıtsınlar...
Bu sözlərdən sonra o diqqətlə üzümə baxır. Mənim gözlərimi döydüyümü görüb, uzun-uzadı misallar çəkir. Məsələn, Kaliqula belə gəldi, Neron belə getdi. Axırda da lap yeni tarixə baş vurur, fransız Napaleonu, alman Hitleri sadalayır. Bütün dünyanın başına, məhz onların oyun açdığını deyir. Lap sonda müasir dövrə gəlir.
-Lenin yadındadır? Hakimiyyətə gəldi, Romanovları qırdı, dünyanı bir-birinə vurdu. Axırı no-oldu? Axırda başı xəritəli biri gəldi, gül kimi SSRİ-ni dağıtdı...Torpaqlar da getdi, şəhərlər də...
Burda onun sözünü kəsirəm.
-Onun güllüyü nədəydi ki, SSRİ-ni deyirəm?
-Ondaydı ki, çoxlu şəhərlərimiz vardı. Qarabağ da öz yerindəydi...
-Sonra? -deyirəm.
Sonra da Valodya gəldi, Putin. O da sələfi Lenin kimi SSRİ-ni bərpa eləmək istəyir, amma başqa ad altında. Görəssən, onun da bir zibili çıxacaq. Axırda da bu, Tramp. Üçüncü dünya müharibəsiylə hədələyir...Koreyaya bomba atacağını deyir...Mənim ondan ağlım bir şey kəsmir. Qan iyi gəlir bu damdan. Onu Amerikanı dağıtmaq üçün göndəriblər. Amerika da dağıldı, elə bil dünya dağıldı. Zəlzələdi e bu adam!
İndi orda oturub (göyə işarə edir) kef edirlər...Amma bir adam çıxacaq ki, onların da dərsini verəcək.
-Kimdi o adam?
-Mən,- deyir və gülür...
-Səndən olmaz deyirəm. Bəyə də gülürsən, nökərə də...
-Hələ biri var onu demirəm. Qorxuram...
Mənsə mızıldanıram:
-Hmmm...
O isə gülməkdə davam edir...
Aprelin üçüncü ongünlüyü, 2017