Dilqəm və Şahbazın səhhətində problemlər yaranıb - YENİLƏNİB
Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir.
24 Aprel 2017 13:05 SosialDağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. E.Səmədov bildirib ki, bu məsələ gündəlik olaraq Dövlət Komissiyasının diqqət mərkəzindədir: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların sağlamlıq vəziyyətinin yoxlanılacağını bildiriblər". Trend.az
***
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkəcək. Bu barədə girov Ş.Quliyevin qardaşı İlham Quliyev məlumat verib.
Onun sözlərinə görə, görüş yaxın günlərdə baş tutacaq: "Bir neçə gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənələrinin vasitəsilə Şahbaza məktub göndərdik. Bildirdilər ki, məktubu görüş zamanı ona təqdim edəcəklər, həmçinin onun məktubunu bizə çatdıracaqlar. Bu müddət ərzində qardaşımla bağlı məlumat almamışıq. Ona görə çox narahatıq".
Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azvision.az