Azərbaycanlı həkim ABŞ-a göndəriləcək
24 Aprel 2017 12:52 SosialAzərbaycanlı invaziv kardioloq Dr. Eyvaz Abbasov Türkiyədə mükafata layiq görülüb. Bu barədə Eyvaz Abbasov özü məlumat verib. O bildirib ki, bu mükafat ona Antalya şəhərində Kardiologiya Dərnəyinin təşkil etdiyi 24 -cü İnvaziv Kardiologiya Toplantısında uğurlu çıxışına görə verilib. Tədbirin ilk günündə kardioloqların tətbiq etdikləri mürəkkəb əməliyyatlar təqdim olunaraq müzakirəyə çıxarılıb.
"Toplantıda maraqlı və çətin əməliyyatlar təqdim olunurdu. Ümumilikdə tədbirdə 19 çıxış dəyərləndirilib. Hər çıxışın sonunda anonim səsvermə olurdu".
Eyvaz Abbasovun çıxışı 3.9 balla qiymətləndirilərək, eyni balı toplamış türkiyəli həmkarı ilə 2-ci və 3-cü yeri bölüşüblər. Tədbirin şərtlərinə görə, ilk üçlüyə seçilən həkimlər bir aylıq müddətinə ABŞ-ın məşhur Klivlend klinikasına göndəriləcək. Türkiyə Kardioloji Dərnəyinin göndərəcəyi həkimlər arasına azərbaycanlı həkim Dr. Eyvaz Abbasov da seçilib.
Qeyd edək ki, kardioloq Eyvaz Abbasov müəyyən müddətdə İran və Polşada fəaliyyət göstərsə də, hazırda Azərbaycanda çalışır.