“Palçıq vulkanları - dünya möcüzəsi” - elmi - praktik konfrans keçirildi

Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Palçıq vulkanları - dünya möcüzəsi" mövzusunda elmi - praktiki konfrans keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, Bilik Fondunun "Ekoloji maarifləndirmə" proqramı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən konfransın iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki "Daşgil" palçıq vulkanı sahəsi ilə əyani tanış olublar.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri, KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları ilə bağlı onlara ətraflı maarifləndirici məlumat verib.

Daha sonra konfrans öz işini Qaradağ Rayon Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamladı. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev konfransa yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Konfransda AMEA-nın Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev "Azərbaycan palçıq vulkanları diyarıdır", mövzusunda çıxış edərək, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Səhiyyə Nazirliyi Elmi-tədqiqat Tibbi-bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev "Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi" mövzusunda söylədiyi məruzəsində bu təbii sərvətin xeyirlərindən danışıb."Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri" mövzusunda Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov çıxış edib. Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev "Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri" mövzusunda qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə olunar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31