Keyfiyyətsiz tikililər insan ölümünü qaçılmaz edir
Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf dinamikası imkan verir ki, estetik görünüşə malik, paytaxt Bakıya əlavə yaraşıq verən, eləcə də müasir standartlara uyğun olan yeni binalar inşaa edilsin. İnsafən deməliyik ki, artıq xeyli müddətdir ki, respublikada sözün həqiqi mənasında tikinti bumu yaşamaqdadır.
17 Aprel 2017 14:55 SosialTikinti şirkətləri isə "qaz vurub, qazan doldurur"
Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf dinamikası imkan verir ki, estetik görünüşə malik, paytaxt Bakıya əlavə yaraşıq verən, eləcə də müasir standartlara uyğun olan yeni binalar inşaa edilsin. İnsafən deməliyik ki, artıq xeyli müddətdir ki, respublikada sözün həqiqi mənasında tikinti bumu yaşamaqdadır. Əslində ölkədə yeni binaların tikintisi paytax Bakıya müasirlik gətirməklə yanaşı, məşğulluq probleminin həllinə də xeyli təkan vermiş olur. Məsələ orasındadır ki, aparılan tikinti bumu müsbət məqamlarla yanaşı, bir sıra neqativ hallarla da müşahidə olunur. Belə ki, bir sıra yeni tikilən binalarda çatların əmələ gəlməsi, çökmə və uçma halları ilə bağlı vaxtaşırı xəbərlər eşidilməkdədir. Çox təəssüf ki, belə hallar çox zaman insan həyatının itgisi ilə nəticələnir. Bu kimi bədbəxt hadisələrin çoxluğu və mütəmadi baş verməsi isə ciddi düşünməyə əsas verir. Məlumat üçün qeyd edək ki, insan tələfatı ilə nəticələnən belə hadisələrdən biri bir neçə gün öncə Səbail rayonunun Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində baş verib. Tikilməkdə olan binada baş verən uçqun nəticəsində 2 nəfər dünyasını dəyişib, 4-ü isə xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinindən bildirilib ki, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb. 2 nəfər isə hadisə yerində dünyasını dəyişib. Məntiqə görə, hələ tikintisinin cüzi bir hissəsinin aparıldığı binanın uçması nəticəsində miqyasına görə kifayət qədər böyük itginin olması sıradan bir məsələ deyil. Belə məlum olur ki, baş verən uçqun zamanı 6 nəfərin müxtəlif dərəcəli xəsarət alması sözügedən tikintidə ciddi nöqsanların olmasının təzahürüdür. Bəs, bu nöqsanlar nədən ibarət ola bilər, ümumiyyətlə tikintidə ölən və yaralananların sayının yüksək olmasına səbəb nədir?
Keyfiyyətsiz tikinti materialları bazarı bürüyüb
Məlumat üçün qeyd edək ki, hər il dünyada 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyon isə peşə xəstəliklərindən əziyyət çəkir. Bu isə o deməkdir ki, bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Deməli, dünya üzrə istehsalatda baş verən hadisələr nəticəsində ölənlərin sayı münaqişə və müharibələrdə ölənlərin sayından dəfələrlə çoxdur. Ölkəmizə gəldikdə, 2016-cı ilin statistikasına görə, Azərbaycanda istehsalatda 231 bədbəxt hadisə baş verib. Baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər dünyasını dəyişib. Ölüm hadisələri əsasən tikinti sahəsində baş verib. Ekspertlərin qənaətinə görə, tikinti sahəsində baş verən ölüm hallarının obyektiv və subyektiv səbələri var. Obyektiv səbələr cavabdeh şəxslərin səhlənkarlığı, subyektib faktor isə tiknti materiallarının keyfiyyətsiz olması ilə müşahidə olunur. Mütəxəssislər tikintidə baş verən ölüm hallarını yalnız inşaat işlərindəki səhlənkarlıqla yox, həm də ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirir. Cəmiyyətdə bir sıra inşaat şirkətlərinin daha az pul xərcləmək üçün ucuz məhsullara, xüsusilə də kustar sexlərdə qara metallardan, korroziyalı tullantılar və köhnə dəmir yolu relslərindən hazırlanmış armaturlara üstünlük verməsi çoxuna məlumdur. Bu cür keyfiyyətsiz məhsullar həm beton konstruksiyalarının dayanıqlılığını pozur, hən də zəlzələyə qarşı həssas edir. Hazırda ölkədə fəaliyyət göstərən gizli sexlərdə uyğunluq sertifikatı olmadan istehsal olunan kifayət qədər tikinti materialları mövcuddur. Həmin məhsulların etiketinin üzərində onun istehsalçısı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti barədə heç bir məlumat göstərilmədən açıq şəkildə satışa çıxarılır. Təkcə satışa çıxarılan sement və armatur məhsullarının monitorinqi aparılsa ölkədə nə qədər keyfiyyətsiz tikinti materiallarının istehsal olunduğu aşkar edilər. Məhz bu kimi qanunsuzluğun nəticəsidir ki, günahsız insanların həyatı təhdid qarşısında qalır.
İxtisaslı mühəndisləri "briqadirlər" əvəz edir
Tikintidə baş verən qanunszluqlardan biri də ixtisaslı mütəxəssislərin işə gəlb edilməməsi ilə bağlıdır. Tikinti şirkətləri ucuz işçi qüvvəsi cəlb etmək məqsədilə peşəkar mühəndislərə deyil, tikintidən başı çıxmayan şəxslərə üstünlük verirlər. Məlumata görə, tikinti şirkətləri əksər hallarda tikinti işlərini yüksək səviyyəli mütəxəssislərə deyil, tikintidə adi briqadir işləmiş şəxslərə etibar edirlər. Halbuki, bu şəxslər praktik tikinti işlərini bilsələr də, konstruksiya işlərinin hesablanmasını düzgün apara bilmirlər. Bu səbədən binanın aşağı qatındakı armatur konstruksiyaların nazik və dayanıqsız olması adi hal alıb. Əslində isə konstruksiya işləri elə qurulmalıdır ki, onun çoxmərtəbəli binaya davam gətirəcəyinə şübhə qalmasın. Sirr deyil ki, elə bu səbədən bir sıra inşaat şirkətləri və MTK-lar mühəndisi-geoloji işlərini düzgün aparmır, eləcə də betonun qurudulması prosesini lazımınca həyata keçirmirlər. Özül atarkən, qrunt suları nəzərə alınmır. Məhz bu kimi səhlənkarıq hallarının nəticəsində binaların çökməsi baş verir. Ekspertlər isə hesab edirlər ki, tikintidə ölam hallarının sayını minimuma endirmək üçün işəgötürən və işçi arasında texniki təhlükəsizlik məsələsi qanuni yolla həllini tapmalıdır. Yəni, işəgötürən işçilərə təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli, işçilərə vaxtında təhlükəsizliklə bağlı təlimatlar keçməli, işçiləri əmək mühafizə vasitələri ilə təmin etməlidir. İşçilərin özləri də diqqətli olmalı, sağlamlıqlarını və təhlükəsizliklərini qorumalı və işdə olarkən təhükəsizlik vasitələrindən düzgün istifadə etməlidirlər. Yeri gəlmişkən qeyd edək ki, AHİK-in təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməyin və sağlamlığın təhlükəsizliyi üzrə Milli strategiya layihəsi işlənib hazırlanaraq. Sənəd hazırda icra orqanları ilə razılaşdırılma mərhələsindədir. Sənəd əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin qarşısının alınması məqsədi daşıyır.
Prezidentdən son xəbərdarlıq
Digər bir səbəb isə yeni binların inşaası zamanı münasib yerin seçilməməsi ilə bağlıdır. Tikinti şirkətləri ən çox paytaxtın mərkəzi ərazilərində bina tikməyə üstünlük verdiklərindən qazma işləri ətfar binalar üçün təhlükə mənbəyinə çevrilir. Üstəlik, həyətlərdə salınmış şəhər parkları məqsədli şəkildə qırılaraq məhv edilir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Belə ki, tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb. Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir. Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014 tarixli iclasındakı yekun nitqində vurğulamışdı: "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır". Göründüyü kimi dövlət başısı baş verən qanun pozuntuları ilə bağlı hər dəfə icra strukturlarına lazımi tapşırıq və tövsiyyələrini verir. Lakin cavbdaeh qurumlar öz məsuliyyətlərini dərk etmədiyindən tikinti sahəsində neqativ hallar davam edir.
Nurlan