Bilik Fondu Pasxa bayramında udiləri sevindirib
Bilik Fondunun Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian Dini İcması ilə birgə təşkil etdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kurs başa çatıb. Fonddan “Olaylar” – a bildirilib ki, təlim kursunu bitirən udi gəncləri buraxılış imtahanları veriblər.
17 Aprel 2017 11:43 SosialBilik Fondunun Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian Dini İcması ilə birgə təşkil etdiyi "Azərbaycan dilini öyrənirik" layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kurs başa çatıb. Fonddan "Olaylar" - a bildirilib ki, təlim kursunu bitirən udi gəncləri buraxılış imtahanları veriblər. Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın rəhbərlik etdiyi imtahan komissiyası müdavimlərin şifahi danışıq və yazı qabiliyyətlərini müsahibə, fərdi tapşırıq, tərcümə işi, test tapşırıqları ilə yoxlayıb. "Cotari" Alban-udi kilsəsində müdavimlərə kursu bitirmələrinə dair sertifikatları Qəbələ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla iş üzrə təşkilatçı Absalam Hüseynov, Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Qəbələ Rayon İcra Hakimiyyətinin Nic inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, qəsəbədəki məktəblərin direktorları təqdim ediblər.
Pasxa bayramı gününə təsadüf edən tədbirdə Bilik Fondu tərəfindən kilsəyə 60 adda kitab hədiyyə olunub. Azərbaycan, rus və ingilis dillərində olan bu kitabların, eləcə də "Multikulturalizm" jurnalının bütün saylarının ayrıca sərgisi açılıb. Pasxa bayramını qeyd etmək üçün "Cotari" Alban-udi kilsəsinə toplaşan Nic sakinləri həm də kitab sərgisi ilə tanış olublar.