Bakı-Şamaxı yolunun yenidən qurulması davam edir
31 May 2016 11:27 Sosial"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik ( 76 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi uğurla icra olunur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihəyə uyğun olaraq yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir. Layihə çərçivəsində 123 ədəd ( 81 əd.tikilib ) dairəvi borunun, 14 ədəd ( 13 əd.tikilib ) düzbucaqlı su keçidinin, 19 ədəd ( 13 əd.tikilib ) alt keçidin və 26 ədəd ( 6 əd.tikilib ) drenaj borularının tikintisi nəzərdə tutulub. Həmçinin yol boyu zəruri olan ərazilərdə 6 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır. Bundan başqa layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissələrin və Ceyrankeçməz çayı üzərində 2 körpünün tikintisi də aparılır. Yolun 63-cü km-də inşa edilən körpünün uzunluğu 47,5 m, 68-ci km-də tikintisi aparılan körpünün uzunluğu isə 54,2 m-dir.
Hal-hazırda yolun 15-45-ci kilometrliyində genişlənən hissədə işlər demək olar tam yekunlaşıb. Yolun 45-91-ci km-lik hissəsində müəyyən ərazilərdə yolun genişləndirilməsi işləri və yol boyu kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb.