Orucun orqanizmə misilsiz faydaları
Oruc tutmaq insanı əksər xəstəliklərdən sığortalayır
27 May 2016 13:04 SosialArtıq on bir ayın sultanı sayılan müqəddəs Ramazan ayına sayılı günlər qalıb. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası da builki Ramazan ayı ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə iyunun 7-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub. Ancaq bir çox hallarda insanlar bilərəkdən və ya bilməyərəkdən, şüurlu, yaxud şüursuz şəkildə oruc tutmaqdan yayınır, İslam dininin bu vacib əməlini yerinə yetirməkdən boyun qaçırırlar. Bəziləri səhhətinin oruc tutmağa yol vermədiyini deyir, bir başqası isə buna iradəsi olmadığını açıq söyləyir. Əslində isə oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir. Əgər 30-50 il bundan əvvəl bütün dünyada oruc tutmağa bir ikrah hissi ilə baxılırdısa indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət gostərir. Elə bu səbəbdən orucun insan orqanizminə müqayisə olunmayacaq dərəcədə faydasının olduğu bildirilir. Təsadüfi deyil ki, əksər tibb mütəxəssisləri də bu qənaətdədir.
Həkim Füzuli Hüseynov deyir ki, insanin ən vacib orqanlarından biri qaraciyərdir. İnsan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz: "Qaraciyər üçün ən etibarlı effektiv müalicə üsullarından biri isə oruc tutmaqdır. Qaraciyər enerji deposudur. Oruc tutan zaman yəni acqalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyyat enerjidən istifadə etməyə başlayır. Bu zaman yüngül ürəkbulanma halsızlıq ola bilər ki, bu da təbiidir və heç bir ziyanı yoxdur. Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır". Füzuli Hüseynov deyir ki, oruc mədəaltı vəz xəstəliyindən (pankreatit) əziyyət çəkənlər üçün də faydalıdır. Çünki 6-7 saatdan sonra mədəmiz boş olduğundan fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur: "Bu zaman mədəaltı vəzi üçün özü özünü bərpaetmə baş verir. Çünki pankreatit zamanı mədəaltı vəzin öz şirəsi özünü yandırır. İnfarkt və ateroskleroz kimi ürək xəstəliklərin müalicəsi üçün də oruc tutmaq əvəzolunmazdır. Oruclu olanda damarlarda qan həcmi azalır, bu zaman ürək istirahət edir, özünü yeniləyir. Daha sonra hüceyrələr arası suyun azalması nəticəsində toxumaya təzyiq qüvvəsi aşağı düşür və sonda toxumalarımız təmizlənilir. Oruc zamanı iftara yaxın bədənimizdə olan bütün enerji verən maddələr hamısı tükənir, sonunda damarların içindəki yağ toxuması parçalanmağa başlayır. Bu zaman damarların daxilindəki yığılıb qalmış artıq maddələr təmizlənilir və damarlar elastikləşir". Həkim Füzuli Hüseynovun sözlərinə görə, mütəmadi olaraq oruc tutan adamlar skleroz (yaddaşın tamam itməsi) xəstəliyinə tutulmaz: "Oruc zamanı bizim oynaqlarımız duzlardan təmizlənir. Böyrək və öd daşlarının həcmi kifayət qədər kiçilir və təmizlənilir. Gündə 3 dəfə yemək zamanı bağırsaqlarımızın xovları arasını daşlar və şlaklar tutur və normal insanda bu 4-5 kq-a çatır. Oruc zamanı bunlar da bədənimizdən təmizlənir. Oruc zamanı fermentativ aktivlik düşdüyündən mədəmizin iç divarı rahat bir şəkildə təzələnir. Sanki mədəmiz yeni bir sezona hazırlaşır. Həmçinin mədəmizin həcmi kiçilir Bud a çox yeməyin qarşısını alır. Oruc tutan zaman qanda şəkərin səviyyəsi də aşağı düşür. Bəzi şəkər xəstələri şəkər iynəsi vurdurduğuna görə oruc tutmurlar ki, bu da səhvdir. 10-12 saat aclıqdan sonra qanda şəkərin səviyyəsi aşağı düşməyə başlayır. Sadəcə şəkər xəstələri 2-3 gün əziyyət çəkə bilərlər. Sonra heç bir problem olmaz". Bir neçə il Ramazan ayının isti yay günlərinə təsadüf etməsinə gəlincə həkim qeyd edir ki, arıqlamaq istəyənlər üçün orucun yay fəslinə təsadüf etməsi ən gözəl vaxtdır: "Oruc zaman adrenalin və kortizon kimi fermentlərin qanda miqdarı aşağı düşdüyündən hüceyrələrimizin xərçəng riskinə tutulma ehtimali da aradan qalxmış olur. Bu zaman insanın beyni qanla daha yaxşı təchiz olunur ki, bu da bizim yaddaşımızın və diqqətimizin artmasına vəsilə olur. Əlləri və ayaqları çox tərləyənlər üçün oruc bir fürsəttdir. Çünki bu zaman simpatik və parasimpatik sinir sisteminin bir-birinə uyğunsuz fəaliyyəti aradan qalxır". Tibb ekspertinin sözlərinə görə, oruclu müddətində bədənimiz su almadığından böyrəklər və tər vasitəsilə su xaric olduğundan yüksək təzyiqdən əziyyət çəkənlər şəfa taparlar: "Əgər bağırsaqlarımız təmizlənirsə onda bağırsaqların filtr fəaliyyəti bərpa olur. Bu zaman qana böyük yağ hüceyrələrinin və antikorların qarışımı azalacaq və bizim immun sistemimiz qaydasına düşəcək. Oruc həmdə nəfsin tərbiyəsidir. Baxmayaraq ki, ramazanda şeytanlar zəncirlənir, amma yenə də insanlar arasında pisliklər davam edir. Bax elə insanlar daimi yırtıcı nəfslərinin təsiri altında olurlar. Oruclu insanın qəlbi və ruhu da həmişə yüksək olur. belə ki, insan sanki, həm bu, həm də axirət həyatı üçün sığortalanmışdır. Oruc zamanı insan mənasız lazımsız hərəkətlər etmir, qeybət və xırdaçılıqdan uzaq olduğu üçün əsl insan kimi mükəmməlləşir. Oruc dünya və axirətdə qula, ruh və cismin verdiyi rahatsızlıqlara bir qalxan olunca Allah belə buyurmuşdur: "Ey iman edənlər, sizdən öncəkilərə oruc fərz qılındığı kimi sizədə oruc fərz qılınmışdır".
Kamal