İntellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcəkdir

Gənclərin intellektual səviyyəsinin artırılması, respublikamızın intellektual sahədə beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və gənclər arasında beynəlxalq əməkdaşlığını təmin olunması məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 27-30 may 2016-cı il tarixlərdə "Znatokiada-2016" intellektual oyunlar üzrə beynəlxalq turnir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Znatokida - intellektual oyunlar üzrə geniş təmsilçiliyə malik böyük və mötəbər bir turnirdir. Turnir özündə bir neçə intellektual oyunu birləşdirir. Hər il fərqli ölkədə keçirilən turnir bu günə kimi İsrail, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya kimi ölkələrdə baş tutub. Bakıda keçiriləcək "Znatokiada-2016" turnirində 18 ölkədən 80 komandanın (400 nəfər) iştirakı gözlənilir.Komandalar öz qüvvələrini 4 əsas intellektual yarışma növündə: "Nə? Harada? Nə zaman?", "Xəmsə" Milli İntellektual Oyunu, "Fərdi oyun", "Breyn-rinq" və çoxlu sayda əlavə intellektual yarışmalarda sınayacaqlar. Qeyd edək ki, turnir çərçivəsində intellektual oyunlar arasında ölkəmizin ilk milli brendi olan "Xəmsə" milli intellektual oyununun təbliginə xüsusi diqqət ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00