Beynəlxalq dairələr güclü liderə malik olan güclü dövlətləri sevmirlər
26 May 2016 13:27 Sosial"Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Bəzi beynəlxalq dairələr güclü liderə malik olan güclü dövlətləri sevmirlər. Çünki hesab edirlər ki, zəif liderlər olmalıdır ki, onların verdikləri tapşırıqları yerinə yetirsin". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdəndir ki, müstəqil siyasət həyata keçirir: "Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Bu gün hamimiz qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında öz sözünü deyən, öz yeri olan nüfuzlu və qüdrətli bir ölkədir".