Pis nümunə

Yenə gündəm zəbt olunub. Yenə bəzi sayt və sosial şəbəkələr üçün müzakirə mövzusu tapılıb: 32 yaşlı Əminə müəllimə 18 yaşlı şagirdi Cəlilə qoşulub qaçıb. Məmləkət üçün adi məişət hadisəsidi, amma bunu müzakirəyə çıxaranlar elə təqdim edirlər, sanki, yeni Amerika kəşf olunub...
İlk baxışda kimlər üçünsə xoş olmayan, kimlər üçünsə adi əhvalatdı. Cütlüklər arasındakı xeyli yaş fərqi böyük söz-söhbət yaradıb, hətta dedi-qoduya, qeybətə yol açıb. Amma məsələnin dərinliyinə gedəndə görmək olur ki, həddindən artıq şişirdilmiş hadisədir. Yəni ingilis dili fənnini tədris edən Əminə müəllimə keçmiş şagirdi Cəlillə evlənib. Necə deyərlər, Allah xeyir versin, xoşbəxt olsunlar. Pis nə var? Yolunu azıb, əxlaqsızlıq etməyiblər ki? Təki evlilikləri sona kimi davam etsin, ailə xoşbəxtlikləri o dərəcədə qabarsın ki, bütün olub-keçmişləri kölgədə qoysun.
Amma məsələnin yaxşı tərəfi ilə bərabər digər bir yönü də var. Təbii ki, sevgi üstündə qurulan ailələrin əksəriyyəti xoşbəxt həyatlarını bir ömür davam etdirirlər. Bəzən bunun əksi də olur. Amma məlum hadisədə bu sevgini daşıyan tərəflər arasındakı ölçü, sosial tarazlıq bir qədər fərqlidir.
Müəllim həmişə şagirdlərinə nümunədir - əxlaqında, davranışında, savadında, hətta əks cinsə olan sevgisində də - həmişə belə olub, belə də olmalıdır. Yuxarı sinfin oğlanları gənc qadın müəllimlərinə heyranlıqla baxırlar, hətta ürəklərində sevgi qığılcımı da olur. Bəzi hallarda qızlarda da kişi müəllimlərinə qarşı belə hisslər baş qaldıra bilir. Amma oğlanlardan fərqli olaraq qızlar bunu büruzə verməməyə çalışır, utanc hissilə gizlədirlər.
Müəllim pedaqoqdu, psixoloqdu. O hər bir şagirdinin xasiyyətinə bələddi, kimliyini yaxşı tanıyır. Ona görə də şagirdləri ilə münasibət quranda bu amili nəzərdən qaçırmamalıdı, daha doğrusu, ağlı ilə hərəkət etməlidi. Düşüncəli, ağıllı, sabahı görə bilən müəllim şagirdinin ona olan sevgi hissini ciddi qarşılamır. Bunun ötəri bir hiss olduğunu dolayısı ilə, ya da üstüörtülü şəkildə şagirdinə başa salmağa çalışır. Yeniyetmə məktəblini qarşıdakı illərdə daha böyük sevginin gözlədiyinə inandırır və bir çox hallarda buna nail olur. Amma Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəllimi ağlının deyil, hisslərinin diqtəsi ilə hərəkət edib. Bu, yaxşıdı, ya pisdi - gələcək göstərəcək. İndidən proqnoz vermək, tələsik rəy bildirmək doğru deyil.
Tarix boyu dünyanın hər yerində belə hallar olub. Özündən yaşca böyük qadınla evlənən çoxlu sayda dünyaca məşhur elm xadiminin, siyasətçinin, sənət adamının, şairin, yazıçının adını çəkmək olar. Bunlardan ailə həyatı uğurlu olanı da var, yarımçıq qalanı da. Burda təkcə yaş amilini diqqətə çatdırmaq o qədər də doğru deyil. Ailə elə bir mexanizmdir ki, onu möhkəm qurmaq, sona qədər sağlam saxlamaq üçün böyük güc, tükənməz enerji tələb olunur - istər eyni yaşlılar, istərsə də böyük yaş fərqi ilə evlənənlər olsun. Ər-arvad arasındakı ülvi sevgi, saf məhəbbət, qarşılıqlı hörmət, bir-birinə diqqət ailənin möhkəmliyinin təməl daşı, qopmayan sütunudur. Elə buradaca Məhəmməd peyğəmbərin evliliyini xatırlatmağı vacib hesab edirəm.
Məlumdur ki, Məhəmməd peyğəmbər 40 yaşlı həzrəti Xədicə ilə evlənəndə 24 yaşı olub. Adı çəkilən hadisənin qəhrəmanlarının arasındakı yaş fərqi isə 14-dü. Təbii ki, nə həzrəti Xədicə ilə Əminə müəllimi, nə də Məhəmməd peyğəmbərlə Cəlili eyni tərəziyə qoymaq fikrində deyiləm. Sadəcə demək istəyirəm ki, cütlüklər arasında yaş fərqi bəzən önəm daşımır. Amma fərqli nüanslar da var ki, anındaca adamın yaxasından yapışır.
Məhəmməd peyğəmbər Allahın seçilmiş bəndəsi, elçisi olub. Cəlil isə sıradan bir gəncdi. Həzrəti Xədicə varlı, ağıllı, doğru qərarlar qəbul edən, ikinci dəfə ailə qursa da yaxşı ilə pisi ayırd etməyi bacaran, gənc Məhəmmədin ağlını, qabiliyyətini, bacarığını, təmizliyini qiymətləndirən, Allah tərəfindən seçildiyini fəhmlə kəsdirən, üstəlik də inancına sığınan bir xanım olub. Əminə xanım isə sadəcə müəllimdi, sadəcə şagirdlərinə bir xarici dili öyrədən savadlı qadındı. Görünən budu - vəssalam. Bunu deməklə heç də müəllim peşəsini aşağılamıram. Əksinə bu peşənin bütün peşələrdən üstün olduğunu nəzərə alıb fikirlərimi yazmaq qərarına gəldim. Bir müəllimin xoşbəxt olmaq üçün çox şeyləri gözə alaraq atdığı addımın söz-söhbətə səbəb olmasını xoş qarşılaya bilmədim.
Əgər Həzrəti Xədicənin sadaladığım keyfiyyətləri Əminə müəllimin də xarakterində özünü göstərsəydi Cəlillə evlənməzdi. Çünki Cəlil hələ həyatın bərkinə-boşuna düşməyən, onun astar üzünü görməyən gəncdi. Mən onun hansı ailədə böyüdüyünü, hansı tərbiyəni aldığını, hansı arzu və istəklərinin olduğunu bilmədiyim üçün haqqında başqa söz deyə bilmərəm. Olsun ki, çox gözəl bir ailənin oğludur, ya da əksinə. Təbii ki, heç bir hal onun sevgi hisslərinə çəpər ola bilməz. Sevgi azaddı, insanın ürəyi kimi tutsa sevə bilər. Amma zaman-zaman bu sevgini başqa sevgilər əvəz edir. Ailə məsuliyyəti isə digər sevgiləri üstələyir.
Çünki ailə kiçik bir dövlətdi. Azərbaycanda bu dövlətin idarəçiliyi kişinin əlində olur. Ailə cəmiyyətin sosial strukturunun bir kompanentidi, çoxlu sayda sosial funksiyası var. Bu funksiyaların yerinə yetirilməsi birbaşa ailə başçısının borcudu. Bu yaşında Cəlil ailəyə başçılıq edə biləcəkmi? Çox böyük bir məsuliyyətin altına çiyin vermək ona çətin olmayacaqmı? Əminə müəllim Cəlilin ona olan sevgisinə qarşılıq vermək əvəzinə, yaxşı olardı ki, tədris etdiyi fənni dərindən öyrədəydi. Kitab oxumağın, ali məktəbə qəbul olmağın yollarını başa salaydı. İzah edəydi ki, evlənmək üçün hələ tezdi və s. Və doğrudan da o, Cəlilə böyük məhəbbətlə bağlı idisə gərək onun ali təhsilə gedən yoluna çıxmayaydı, əksinə bu yolda onun əlindən tutaydı. "Bəlkə Cəlilin ali təhsil almaq üçün yetərincə biliyi yoxdu" deyə fikir bildirmək də məqbuldu. Amma orta məktəb partasının arxasından qalxıb ailə qurmaq və onu idarə etmək üçün, ən azı, kişilik məktəbini - əsgərlik borcunu yerinə yetirmək mütləqdi.
Məsələnin ən qorxulu, ən təhlükəli tərəfi odur ki, bu evlənmə orta məktəb şagirdləri üçün yaxşı örnək olmayacaq. Ali təhsil həvəsində olan zəif xarakterli, iradəsiz şagirdlər dərs oxumaqdan yayınacaq, müəlliminə qarşı olan hörmət hissi, öyrətmən sevgisi azalacaq. Şagird müəlliminə olan ötəri sevgisini dilə gətirəcək, həyat məktəbini tam keçməmiş özünün məktəb müəllimi ilə evlənməyə üstünlük verəcək. Əminə xanım bir müəllim olaraq bunu düşünməyib. Aralarında hər nə qədər güclü sevgi olmuş olsa belə bu, pis nümunədi. Hər şey vaxtında gözəldi. Əminə müəllim şagirdləri üçün sərf edəcəyi öyrətmən, pedaqoq sevgisini Cəlilə qarşı olan məhəbbətinə fəda edib.
Artıq bir azərbaycanlı ailəsinin təməli qurulub. Ömrü uzun, xoşbəxtliyi bol olsun. Amma məsələnin yaxşı tərəfini qoyub, astar üzünü sensasiyaya çevirmək yaxşı hal deyil, pis göstəricidi. Kimi rişxənd edir, kimi təəssüflənir, kimisi də bu məsələdə günahkar axtarmağa çalışır. Halbuki heç bir günah iş yoxdu. İki fərqli tərəf bütün təpkilərə göz yumaraq ailə qurub. Bəlkə də bunun adı cəsarətdi, bəlkə də düşüncənin, həyata baxışın fərqliliyidi. Hamı eyni düşnmür ki?! Nə ali təhsil haqqında diplomu, nə də təmsil etdiyi qurumin etik tərəfləri Əminə müəllimin düşüncələrini, həyat tərzini, eləcə də duyğularını dəyişə bilməz. Kimsənin haqqı yoxdu onların bu günkü xoşbəxtliyinə daş atmağa. Bu gün cəmiyyətin boynuna düşən yeganə vəzifə onlara xoş günlər, gözəl bəxt arzulamaqdı.
Xoşbəxt olsunlar.


Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00