Ütü alarkən nələrə diqqət edilməlidir?

Azərbaycana idxal edilən bir sıra məişət cihazlarının keyfiyyətsiz olması barədə ən müxtəlif məlumatlar yayılmaqdadır. Belə çihazlardan biri də ütüdür ki, hazırda bu növ cihazı tez-tez dəyişmək zərurəti yaranır. Ticarət mərkəzlərini zəbt etmiş, xarici görünüşü və rəng çaları ilə alıcıları cəlb edən "kitayski" ütülər əsil problemə çevrilib. Belə halda, ütü alarkən nələrə diqqət edilməlidir? İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, ütülər adi, buxarlı və buxar generatorlu olurlar. Hazırda adi tip ütülər tələbat olmadığı üçün demək olar ki, buraxılmırlar. İstehsalçı firmalar tərəfindən hazırda əsasən məişətdə istifadə üçün adi buxarlı ütülər istehsal edilir. Buxar generatorlu ütülər isə böyük həcmli işlər üçün istifadə olunur (atelye, salon, emalatxana, təmizləmə və s.) və adi buxarlı ütülərdən daha baha olurlar. Faktiki olaraq heç bir ailəni ütüsüz təsəvvür etmək mümkün deyildir. Əgər əvvəllər ütülər məhdud çeşiddə idisə, hal-hazırda müasir bazar onun müxtəlif tip və funksiyaları yerinə yetirən növləri ilə zəngindir. Ona görə də istehlakçı tərəfindən ütü alərkən seçim etmək kifayət qədər çətindir. Ütü seçərkən onun xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Müasir ütülər bir sıra funksiyalara malikdirlər. Belə ki, müasir ütülər həm su çiləmə, həm də buxar buraxma qabiliyyətinə malikdirlər. Bu amillər ütüləmə prosesinə əlavə effektivlik gətirdiyi üçün istehsalçılar tərəfindən nəzərə alınır. Bunun üçün növündən asılı olaraq ütülərdə müxtəlif tutumlu xüsusi rezervuarlar quraşdırılır. Ütülər dizaynına görə əsas etibarilə bütövqulplu və ya yarımqulplu olurlar. İstehlakçı üçün ütünün ən əsas xüsusiyyətlərdən biri də onun altlığıdır. Ona görə də istehsalçılar altlığa paslanmayan və xromlaşmış polad, alüminium, yaxud teflon və ya keralon örtüklü, yanmaya davamlı, metal keramika məhsullarından istifadə edirlər. Paslanmayan poladdan olan altlıqlar daha dözümlü və etibarlıdır. Onlar zədə götürmür, yaxşı qızır, parça üzərində kifayət qədər rahat sürüşür, asan təmizlənir. Lakin belə ütülər bir qədər ağır olurlar, qızması və soyuması alüminium altlıqlı ütülərlə müqayisədə bir qədər çox çəkir. Alüminium materiallı ütülər isə yüngüldür, tez qızır, eyni zamanda da tez soyuyur. Polad altlıqlarla müqayisədə daha ucuzdurlar. Bu ütülərin mənfi xüsusiyyəti onların kifayət qədər zədəyə meylli olmasıdır. Keramika altlıqlı ütülər yaxşı sürüşsə də çox incədirlər. Ütünü xarakterizə edən əlamətlərdən biri də onun gücü ilə bağlıdır. O nə qədər güclüdürsə, bir o qədər artıq ütüləmək mümkündür. Ticarət şəbəkələrindəki müxtəlif çeşid ütülərin gücü 1500-2500 Vt. aralığında dəyişir. Lakin gündəlik istifadə üçün 1500-2000 Vt. Gücündə olan ütülər tam yetərlidir. Bu eyni zamanda mənzildəki elektrik xətti və enerji sərfi baxımından da məqsədəuyğundur. Keyfiyyətli ütü təyin olunmuş temperaturu yaxşı saxlamaq qabiliyyətinə malik olmalıdır. Bu xüsusən sintetika, ipək kimi həssas xüsusiyyətlərə malik parçalar üçün daha vacibdir. Belə ki, azacıq yuxarı temperatur bu cür parçalara xələl gətirə bilər. Müasir ütülərin bir çoxunun avtomatik sönmə funksiyaları da vardır: "Ütü alarkən onun funksiyaları, forması və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə ütülər demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə istehlakçı satıcıdan malla bağlı informasiya almaq hüququndan istifadə etməlidir. Bilin ki, ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. İstehlakçı aldığı ütünün keyfiyyətini yoxlamaq, onun düzgün istifadəsinin nümayiş etdirilməsini satıçıdan tələb edə bilər. Satıçı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Ütü seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Əldə edərkən naqilin uzunluğuna diqqət yetirmək tövsiyə olunur. Bu amil ütüləmə prosesində sərbəst hərəkətə şərait yaradır".

Ütü standartlara uyğun olaraq karton qutulara qablaşdırılır və markalanır. Ütülər markalanarkən orada istehsalçının adı və əmtəə nişanı, adı və tipi, nominal cərəyan sərfi, istehsal tarixi, istehsalçı ölkəsi və s. öz əksini tapmalıdır. Ticarət şəbəkələrinə daşınarkən ütülər ehtimal olunan hər hansı bir zədələnmədən mühafizə olunmalı, heç bir ziyan dəyməməlidir. Qablaşdırmazdan öncə onun altlığını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edilməlidir: "Eyni zamanda bilin ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. İstehsalçı istismar, saxlama və daşınma şərtlərini gözləməklə ütünün keyfiyyətinə zəmanət verməlidir. Zəmanət müddəti satıcı müəssisələr tərəfindən təyin edilir və müxtəlif olur. Ona görə də istehlakçılara zəmanət müddəti daha çox olan malların alınmasını tövsiyyə edirik. Satış tarixindən etibarən ütüyə verilən zəmanət müddəti orta hesabla 18 aydır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin". Bir məqamı da nəzərə alınmalıdır ki, məişət texnikası satılan bütün obyektlərdə ütü satılır. Əksər hallarda isə nə onların keyfiyyət sertifikatı olur, nə də onlara zəmanət verilir. Bu isə istehlakçıların keyfiyyətsiz mal almasına səbəb olur. Ona görə də ütünün ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Ütü alan zaman orjinal mal aldığımıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmaq vacibdir. Hər bir istehlakçı ütü alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır.


Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00