Deputat süni intelektlə bağlı tövsiyyə verib-Özəl
12:21 SiyasətSüni intellekt alətlərindən etik və məsuliyyətli istifadəyə dair milli qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun 10 tövsiyəni sizə təqdim edirəm. Hansı tövsiyəni əsassız və faydasız hesab edirsinizsə, fikirlərinizi qeyd edin, mənim üçün vacibdir.
1.Xidməti vəzifələrin icrası zamanı fərdi süni intellekt hesabından (ödənişli və ya pulsuz olmasından asılı olmayaraq) istifadə etməyin. Yalnız işəgötürən qurumun rəsmi müqavilə bağladığı və təhlükəsizlik yoxlamasından keçirdiyi institusional (qurumun adına açılmış) hesabdan istifadə edin.
2.Qurumunuzun institusional hesabı yoxdursa, fərdi hesabdan yalnız məhdud çərçivədə istifadə edə bilərsiniz. Bu halda yalnız artıq açıq şəkildə dərc olunmuş və ya heç bir konkret şəxsə, quruma və ya işə bağlanmayan məzmunla işləyin. Vətəndaşın müraciəti, icraatda olan iş, qərar layihəsi və rəsmiləşdirilməmiş daxili sənəd bu çərçivəyə daxil deyil.
3.Vətəndaşın məlumatı hansı məqsədlə toplanıbsa, yalnız həmin məqsəd üçün istifadə oluna bilər. Süni intellektlə ümumiləşdirmə və ya təhlil, bir qayda olaraq, bu məqsədlərə daxil deyil və ayrıca hüquqi əsas (şəxsin razılığı və ya qanunda birbaşa nəzərdə tutulmuş hal) tələb edir. İstifadə şərtlərini qəbul etməklə verdiyiniz razılıq yalnız öz məlumatlarınıza aiddir.
4.Çalışdığınız qurumun sərəncamında olan və fəaliyyətiniz zamanı əldə etdiyiniz məlumatı süni intellekt aləti vasitəsilə şəxsi məqsədlər üçün istifadə etməyin, yalnız rəsmi təlimat çərçivəsində və şübhə yaradan məqamlarda isə səlahiyyətli struktur/şəxslə məsləhətləşərək paylaşın.
5.Konkret bir vətəndaş, müştəri və ya qurum haqqında şəxsi, gizli, məxfi və ya rəsmi məlumatı süni intellektə heç vaxt yükləməyin. Qanunla açıqlanaması və transsərhəd ötürülməsi qadağan edilən kateqoriyalar bunlardır: fərdi məlumatlar, xüsusi kateqoriyalı fərdi məlumatlar, dövlət, bank, vergi, kommersiya, peşə, (vəkil, həkim və notariat), istintaq və məhkəmə sirləri.
6.Süni intellekt cavabı inandırıcı tərzdə təqdim etsə də, uydurma istinad, sitat və ya statistik rəqəm yarada bilər. Buna "hallüsinasiya" deyilir (alətin özündən uydurduğu, lakin doğru kimi görünən məlumat). Cavabın inamlı və səliqəli görünməsi onun düzgün olduğunu təsdiqləmir. Xüsusilə Azərbaycan dilində hüquqi və rəsmi terminologiyanın spesifikasını nəzərə alaraq, Sİ-nin tərcümə və ya mətn yaratma zamanı qanunvericiliyə zidd terminlər uydurması riski çox yüksəkdir.
7.Süni intellektin hazırladığı məzmunu rəsmi və etibarlı mənbələrlə, o cümlədən dövlət qurumlarının rəsmi internet səhifələri ilə çarpaz yoxlayın və onu son cavab kimi yox, başlanğıc nöqtəsi kimi qəbul edin. Mühüm qərar süni intellektin cavabına əsaslanacaqsa, əlavə yoxlama üçün mütləq onun ilkin mənbəyini soruşun, mənbənin mövcudluğunu yoxlayın, mənbəni açıb oxuyun və Sİ-nin təqdim etdiyi məzmunla mənbənin həqiqi məzmununun üst-üstə düşdüyünü dəqiqləşdirin.
8.Süni intellekt alətindən istifadə zamanı şübhəli, zərərli və ya qeyri-müəyyən nəticə (məsələn, təhqiramiz dil, məxfi məlumat sorğusu və ya qəribə kod) ilə qarşılaşdıqda prosesi dərhal dayandırın və müvafiq səlahiyyətli struktur/şəxsə bildirin. Rəsmi hesabatın, arayışın, təhlilin və ya qərar layihəsinin hazırlanmasında süni intellektdən istifadə etmisinizsə, bunu rəhbərinizə bildirin. Vətəndaş üçün hüquqi nəticə yaradan qərarın məzmunu süni intellektin cavabına əsaslana bilməz. Bura icraata dair qərarlar, müraciətə cavab, yoxlama nəticəsi, intizam təklifi, satınalma qiymətləndirməsi və işə qəbul qərarı daxildir
9.Süni intellektin yazdığı mətn, təhlil və ya ideya başqasının müəllif hüququ ilə qorunan əsərindən köçürülmüş ola bilər. Ona görə bunları hazır məhsul yox, xammal kimi qəbul edin və öz peşəkar mühakimənizlə işləyin
10.Süni intellektdən alət kimi peşəkar mühakiməsini gücləndirmək üçün istifadə edin, onu əvəz etməyin. Süni intellekt aləti real insani münasibətlərin əvəz edə bilməz. Söhbət zamanı yaranan "məni başa düşür" hissi aldadıcıdır. Alət sadəcə təkrarlanan mətn və davranış nümunələri tanıyıb, təkrarlayır, həqiqi anlama və ya empatiya süni intellektə xas deyil.
Kamal Cəfərov
Milli Məclisin deputatı