Vaşinqtonla eyni cinahda yer alan Avropa ölkələri hədəf alınır-Özəl

"ABŞ Prezidenti Donald Trampın Rusiya - Ukrayna müharibəsi ilə bağlı ukraynalı həmkarı Zelenskiyə ünvanladığı mesajlar, davamlı olaraq Rusiyanın gücünün mədh edilməsi hesab edirəm ki, təkcə Kiyev üçün hesablanmış ifadələr deyil. Burada uzun illərdir Vaşinqtonla eyni cinahda yer alan Avropa ölkələri də hədəf alınır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib:" Rusiyanın gücü, insan və digər resursları, hətta sıravi rus vətəndaşının evinin zirzəmisində saxladığı turşu banklarının sayı belə böyük ölçüdə qərb kəşfiyyatı üçün əlçatan məlumatlardır. Bunların bu tərzdə, xüsusi don geyindirilərək təqdim edilməsi ABŞ kimi qlobal gücün rəhbərinə yaraşmır. Belə yerdə deyərlər gəl bir də  Putinin əlini öp iş bitsin.  Düzdür Donald Trampın Kremlin lehinə ifadələr işlətməsinin ardında əsasən iki səbəb yatır. Maddi qazanc və Çinə qarşı mübarizə. Amma bunlar belə bu qədər düşməyə rəvac verməli deyil.
Ukrayna xalqı beş ildir hər addım başı gücü qabardılan işğalçı Rusiyaya qarşı misralara sığmayacaq şücaət nümayiş etdirir. Mədhiyyə olunmalıdırsa məhdud imkanlarla imkansızı bacaran bu insanlar mədh olunmalıdır. Tramp düşünür ki, güzəştlər etməklə rusları ələ ala biləcəklər. Ancaq unutduqları bir məqam var ki, rus liderləri dəyişsə də, psixologiya eyni olaraq qalır. İmperiya ənənələrinin davam etdirilməsi ambisiyaları. Bu ambisiyalar isə özündən güclüsünü qəbul etmir. Bu ABŞ olsa belə. Ola bilsin Ağ ev və Kreml indiki şəraitdə müəyyən iqtisadi əməliyyatlar üzərindən razılaşın. Bundan sonra  Ukraynanın tamamilə işğalı fonunda oxlar  Avropanın dərinliklərinə doğru istiqamətlənəcək. ABŞ qazanc əldə etdiyini düşündüyü zaman həm eyni məzhəb, həm də Koreya, Əfqanıstan, İraq və digər əməliyyatlarda çiyin-çiyinə döyüşdüyü müttəfiqlərini itirəcək. Avropa hal hazırda hər nə qədər zəif təsir bağışlasa da, qoca qitənin diplomatiya və hərbi ənənələri var. Onlar öz gücünü bərpa edəcəklər. Ukrayna münaqişəsi dondurulsa belə ( düşünürəm ki, bu Kiyev üçün ən yaxşı variantdır) Avropa mütləq şəkildə Ukraynanı inkişaf etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31