Azərbaycanın informasiya və ideoloji təhlükəsizliyinin qorunması vacib şərtdir-Özəl
11:31 Siyasət"Prezident İlham Əliyev informasiya diplomatiyası sahəsində həyata keçirdiyi sistemli, ardıcıl və əsaslandırılmış siyasət yüksək qiymətləndirilir. Dövlətimizin başçısının strateji rəhbərliyi Azərbaycanın qələbəsini hərbi, siyasi və diplomatik müstəvilərlə yanaşı, informasiya məkanında da təmin etdi. Azərbaycanın haqlı mövqeyinin tarixi faktlar, beynəlxalq hüquq normaları və tutarlı arqumentlərlə təqdim olunması bu uğurun mühüm tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya ünvanlanan çıxışları və müsahibələri ölkəmizə qarşı irəli sürülən əsassız iddiaların cavablandırılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm nümunədir.
Bu gün qalib Azərbaycanın informasiya və ideoloji təhlükəsizliyinin qorunması rəqəmsallaşmanın yaratdığı yeni çağırışları da nəzərə almağı tələb edir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Şura rəqəmsal transformasiya sahəsində işlərin əlaqələndirilməsinə xidmət edir. "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Bu tədbirlər ölkəmizin texnoloji imkanlarının və rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında "Peşəkar insan ehtiyatlarının çatışmazlığı" milli təhlükəsizliyə təhdidlər sırasında göstərilir. Bu yanaşma ixtisaslı kadr hazırlığının dövlətimizin gücü, müstəqilliyi və milli maraqlarının qorunması ilə birbaşa bağlı olduğunu göstərir".