“Qardaşlığımız qarşılıqlı hörmət üzərində möhkəmlənməlidir”-QHT sədri - ÖZƏL
12:02 Siyasət"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Ankara ilə Bakı arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir". Bu fikirləri siyasi şərhçi Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərini yalnız diplomatik təmaslar və siyasi maraqlarla izah etmək doğru olmaz. İki ölkəni ortaq tarix, milli-mənəvi dəyərlər, qarşılıqlı etimad və xalqlarımızın dərin qardaşlıq bağları birləşdirir: "Məhz bu amillər ikitərəfli münasibətlərin regional və beynəlxalq proseslərin təsirinə baxmayaraq davamlılığını təmin edən əsas dayaqlardandır. Azərbaycan və Türkiyənin əməkdaşlığı Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Bununla yanaşı, dəyişən geosiyasi şərait hər iki dövlətdən milli maraqlarını düzgün müəyyənləşdirməyi, strateji tərəfdaşlığı praqmatik siyasətlə uzlaşdırmağı tələb edir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri ayrı-ayrı siyasi hadisələrdən daha dərin köklərə malikdir. Bu münasibətləri zəiflətmək, iki xalq arasında süni qarşıdurma yaratmaq istəyən qüvvələr nəzərə almalıdırlar ki, xalqlarımızın birliyi möhkəm tarixi təmələ söykənir. Əminəm ki, qarşılıqlı etimad və siyasi iradə sayəsində mümkün fikir ayrılıqlarını aradan qaldırmaq, əməkdaşlığımızı daha da genişləndirmək mümkündür".
Siyasi şərhçi hesab edir ki, qardaşlıq münasibətlərinin dayanıqlılığı dövlətlərin suverenliyinə, müstəqil siyasi iradəsinə və qarşılıqlı maraqlarına hörmətlə birbaşa bağlıdır: "Azərbaycan və Türkiyə bir-birinə yaxın müttəfiqlər olsalar da, hər iki dövlətin özünəməxsus geosiyasi mövqeyi, iqtisadi prioritetləri və milli təhlükəsizlik maraqları var. Bu reallıqlar münasibətlərin inkişafında nəzərə alınmalı, ortaya çıxan məsələlər açıq dialoq və qarşılıqlı anlaşma yolu ilə həll edilməlidir. Azərbaycanın dünyəvi dövlətçilik modelinin və konstitusion prinsiplərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin dövlətçilik ənənələri, milli suverenliyi və müstəqil qərarvermə hüququ Azərbaycanın gələcək inkişafının fundamental əsaslarıdır".