Hüququn aliliyi beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilməlidir- ÖZƏL
10:44 Siyasət"Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn tətbiqindəki problemlərin konkret nümunəsidir. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin uzun müddət işğal altında qalması, azərbaycanlıların doğma yurdlarından qovulması və şəhər-kəndlərimizin dağıdılması ağır humanitar və siyasi nəticələr doğurdu. Bu proses təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid deyildi, eyni zamanda beynəlxalq ictimaiyyətin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanlarının ciddi sınağı idi".
"Olayalar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Problemin əsas mahiyyəti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilməməsində özünü göstərdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də davamlı nəticə vermədi. Beləliklə, beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi-siyasi qərarlarla onların icrası arasında dərin uçurum yarandı. Bu təcrübə mühüm bir həqiqəti ortaya qoydu: beynəlxalq hüququn effektivliyi yalnız onun norma və prinsiplərinin mövcudluğu ilə deyil, həmin prinsiplərin bütün dövlətlərə eyni qaydada tətbiqi və qərarların icrasını təmin edən təsirli mexanizmlərin mövcudluğu ilə ölçülür. Əks halda, beynəlxalq təşkilatların qərarları münaqişələrin qarşısını alan vasitə olmaq əvəzinə, icrasını gözləyən sənədlər səviyyəsində qala bilər.
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə səsləndirdiyi fikirlərin qlobal əhəmiyyəti də bu məqamla bağlıdır. Azərbaycanın üzləşdiyi vəziyyət göstərdi ki, təcavüzkarın məsuliyyətdən kənarda qalması münaqişənin həllini uzadır, mövcud riskləri dərinləşdirir və beynəlxalq münasibətlərdə hüquqa olan inamı zəiflədir. Bu baxımdan, beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifə yalnız münaqişələri müzakirə etmək və qətnamələr qəbul etmək deyil, həm də həmin qərarların həyata keçirilməsini təmin edəcək siyasi iradə və institusional mexanizmlər formalaşdırmaqdır. Hüququn aliliyi prinsipinin real məzmun qazanması üçün məsuliyyət və hesabatlılıq beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilməlidir".