Ərdoğanın zəngindən doğan siyasi mesajlar- ÖZƏL

"Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəngi özündə bir neçə mühüm siyasi mesajı ehtifa edir. Əsas məqam Türkiyənin Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək və Türk dünyası daxilində əməkdaşlığı gücləndirmək niyyətidir". Bunu "Olaylar"a açıqlamasında hüquqşünas Alim Hüseynli deyib: " Əslində, sözügedən zəng Türkiyə-Azərbaycan birliyinə siyasi dəstəkdir. Belə ki, Ərdoğan iki ölkə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib. Bu, Ankara ilə Bakının yaxın siyasi münasibətləri qorumaq niyyətini göstərir. Digər tərəfdən, Ərdoğan Əliyevi Ankarada keçiriləcək təşkilatın 13-cü Zirvə Görüşünə dəvət edib. Bu isə Türk dövlətləri arasında siyasi və iqtisadi koordinasiyanın gücləndirilməsinə verilən əhəmiyyətin göstəricisidir. Şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edərək sammitə dəvət etməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasına bir işarədir. 
Sözügedən zəngin ən mühüm tərəfi təkcə iki liderin danışması deyil, artıq mövcud olan siyasi ittifaqın, hərbi təlimlərin və müdafiə əməkdaşlığının davam etməsi fonunda baş verməsidir. Odur ki,  Türkiyə ilə Azərbaycanın gələcək siyasi və hərbi əməkdaşlığı baxımından Ərdoğanın prezident İlham Əliyevə zəngi mövcud strateji müttəfiqliyin qorunması və regional təhlükəsizlik məsələlərində koordinasiyanın davam etdirilməsi mesajı kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31