Qubadlının yeni inkişaf tarixi başlanıb-Özəl
14:26 Siyasət"Qubadlı rayonu Şərqi Zəngəzur ərazisinə daxildir. Qubadlı da Zəngəzurun başqa əraziləru kimi tarixi abidələri ilə zəngindir. Burada qədim daş dövrünə aid kifayət qədər mağaralar mövcuddur.Qubadlı dağlıq ərazidir, insanlar uzun illər ərazinin relyefinə uyğun təsərrüfatla məşğul olmuşlar. Bol sulu Həkəri və Bərgüşad çayları tarix boyu insanların ehtiyaclarını ödəmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Qubadlı yeraltı sərvətlərinə görə də diqqət mərkəzində olmuşdur. İşğaldan qabaq Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərinin yaxınlığında mərmərləşmiş əhəng daşı yataqları , o cümlədən Mollaburhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
80-ci illərinin sonuna yaxın Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları bu bölgədə vəziyyəti çətinləşdirdi. Qubadlı Ermənistan və Dağlıq Qarabağ tərəfdən təcavüzə məruz qaldı. 1993-cü il avqustun 31-də Qubadlı ermənilər tərəfindən tamamilə işğal olundu.
Rəsmi Ermənistan öz işğalçı siyasətinə bəraət qazandırmaq üçün hamını inandırmaq istəyirdi ki, bu torpaqlar onlara məxsusdur. Hətta öz işğalçı siyasətinə o qədər vurulmuşdular ki, xaricdən gətirilən erməniləri Qubadlı torpaqlarında məskunlaşdırdılar. Xaricdən gələn ermənilər üçün diasporun pulu ilə Xanlıqda qəsəbə saldılar.
İşğal nəticəsində rayondan 29 min 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məskənlərində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız hala salınmışdı.
Düşmən Qarabağda törətdiklərini Qubadlıda da qəddarlıqla həyata keçirdi, insanların min illər boyu yaratdıqlarını məhv etdilər.
25 oktyabr 44 günlük Vətən Müharubəsi tarixinə dönüş nöqtəsi kimi daxil olmuşdur. Qubadlının azad edilməsi və şəhərdə güclü istehkam quran ermənilərin darmadağın edilməsi düşməni ruhdan saldı. Erməni ordusu haqqında yaradılan əvsanələr puç oldu.
Ali Baş Komandanın rəhbərliyi altında Qubadlı əməliyyatı xüsusi peşəkarlıqla hazırlanmışdı. Noyabrın 9-na kimi Qubadlının 41 kəndi düşməndən azad edildi.
2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. 15 min 209 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 25 Oktyabr- Qubadlı şəhəri günü kimi təsis edilmişdir.
Qubadlının yeni inkişaf tarixi başlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il sentyabrın 9-da "Qubadlı şəhərinin 2040- cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir. Cari ilin iyununda Qubadlı şəhərində ilk yaşayış binasının tikintisinə başlanılıb. Layihəyə əsasən burada ümumilikdə 21 yaşayış binasının tikintisi nəzərdə tutulmuşdu.
Qubadl sözün həqiqi mənasında yenidən qurulur. Bütün Azərbaycan xalqı vurulmuş yaraları tez sağaltmaq, Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək üçün Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa və quruculuq işlərinə ürəkdən qoşulmuşdur".