Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər
14:14 SiyasətTürkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Toprak Partiyasının sədri Ömer Ulutaş Azərbaycanda "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar nəzərə alınaraq qəbul edilib.
XİN-in məlumatında hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına çağırışlar da qərarın əsasları sırasında göstərilib.
Nazirlik Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, Fatih Erbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası 2018-ci il noyabrın 23-də yaradılıb. Erbakan Türkiyənin sabiq Baş naziri və "Rifah" partiyasının sədri olmuş Nəcməddin Erbakanın oğludur.
Ömer Ulutaş isə 2025-ci il martın 4-də təsis edilən Toprak Partiyasının sədridir. Partiya parlamentdə təmsil olunmur və daha çox kənd təsərrüfatı sahəsində islahat şüarları ilə çıxış edir.