Zəfərimizin və milli qürurumuzun rəmzi-Qubadlı
13:37 Siyasət"25 oktyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Qubadlı şəhərinin işğaldan azad edilməsi milli iradəmizin, dövlətçilik əzmimizin və tarixi ədalətin bərpasının parlaq təcəssümüdür. Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsidir. Qubadlının azadlığı bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını, milli qürurunu və suverenliyini qorumaq əzmində daim qətidir". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının fəal üzvü Amin Əsgərzadə deyib: "Bu gün Qubadlı azadlığın sevincini yaşamaqla yanaşı, dirçəliş və quruculuq mərhələsini yaşayır. Doğma torpaqlara qayıdış, infrastrukturun bərpası və bölgənin inkişafı Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindəndir. Qubadlının yenidən qurulması xalqımızın gələcəyə inamının, dövlətimizin gücünün və tarixi torpaqlarımıza bağlılığımızın ifadəsidir.
Yeni Azərbaycan Partiyasının əsaslandığı dövlətçilik, milli həmrəylik və Vətənə sədaqət prinsipləri bu tarixi günün mahiyyəti ilə vəhdət təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın gələcək hədəflərinin əsasını təşkil edir.
Azərbaycan gəncliyinin vəzifəsi qazanılmış Zəfərin tarixi əhəmiyyətini qorumaq, milli dəyərlərimizə sahib çıxmaq və ölkəmizin gələcəyinə töhfə verməkdir. Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin fədakarlığını unutmamaq hər birimizin mənəvi borcudur.
Qubadlı azadlığın Zəfərlə yazılmış adıdır. Azərbaycanın birliyi, gücü və Zəfər iradəsi gələcəyimizin təminatıdır. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Qubadlı azaddır! Qarabağ Azərbaycandır!"