Tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün konkret göstəricilər tətbiq olunmalıdır-Özəl
11:35 Siyasət"TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi xəstəxanaların idarə olunmasında da yeni yanaşmaların tətbiqi üçün imkan yarada bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib: "Müasir xəstəxana idarəçiliyi yalnız maliyyə, təsərrüfat və inzibati məsələlərin həllindən ibarət deyil. Xəstəxananın fəaliyyətinin əsas meyarı vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyəti və müalicənin nəticəsidir. Bu səbəbdən yeni mərhələdə tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün konkret göstəricilər tətbiq olunmalıdır.
Xəstələrin tibbi xidmətə çıxış müddəti, elektron növbələrin idarə olunması, müayinə və müalicənin keyfiyyəti, pasiyent məmnunluğu, tibbi personalın iş yükü, xəstəxanadaxili infeksiyaların profilaktikası və maliyyə səmərəliliyi kimi göstəricilər vahid monitorinq sistemində birləşdirilə bilər. Eyni zamanda, xəstəxana rəhbərlərinin fəaliyyətinə qiymət verilərkən yalnız inzibati göstəricilər deyil, klinik nəticələr də nəzərə alınmalıdır. Belə bir yanaşma idarəetmədə şəxsi məsuliyyəti artırmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin davamlı yüksəldilməsi üçün stimullar formalaşdıra bilər".