Azərbaycanın yeni inkişaf mərhələsi: Siyasi məsuliyyət və strateji hədəflər- Təbriz Ağayev yazır

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. 2 oktyabr 2026-cı ildə keçirilən qurultayın ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonrakı yeni siyasi və geosiyasi reallıqda baş tutmasıdır. 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi təhlili ilə yanaşı, ölkənin gələcək inkişaf istiqamətlərini və strateji hədəflərini müəyyənləşdirən mühüm mesajlarla zəngin oldu. 

Cənab İlham Əliyevin çıxışında diqqəti çəkən əsas məqamlardan biri siyasi kursun mahiyyəti ilə onun qarşısında duran yeni vəzifələr arasındakı əlaqənin göstərilməsidir. Çıxışda vurğulandığı kimi, zaman keçdikcə taktiki və müəyyən dərəcədə strateji məqsədlər dəyişə bilər, lakin əsas xətt-müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə dəyişməz qalır.

Bu fikrin mahiyyəti yalnız siyasi varislik məsələsi ilə məhdudlaşmır. Burada dövlətçilik anlayışının bütöv bir sistem kimi qəbul edilməsi diqqət çəkir. Müstəqil siyasi qərarvermə qabiliyyəti iqtisadi imkanlardan, təhlükəsizlik potensialından, insan kapitalından və beynəlxalq münasibətlərdə çevik siyasət yürütmək bacarığından ayrı təsəvvür edilə bilməz.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin müasir tarixində mühüm dönüş nöqtəsidir. 

Lakin hər bir tarixi nəticə özü ilə yeni məsuliyyətlər də gətirir. Bu gün qarşıda duran əsas məsələ əldə olunmuş nəticələrin qorunması və onları davamlı inkişaf modelinə çevirməkdir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız yolların, yaşayış məntəqələrinin, enerji və sosial infrastrukturun qurulmasından getmir. Əsas məqsəd insanların doğma torpaqlarına qayıdışı ilə yanaşı, həmin ərazilərdə dayanıqlı sosial və iqtisadi həyatın formalaşdırılmasıdır.

Böyük Qayıdışın nəticələri də yalnız tikinti statistikasına görə deyil, insanların yaşayış səviyyəsi, məşğulluq imkanları, təhsil və səhiyyə xidmətlərinə çıxışı, sahibkarlıq mühitinin formalaşması ilə ölçülməlidir. Bu, dövlət siyasətinin uzunmüddətli xarakter daşıyan istiqamətlərindən biridir.
Qurultayda YAP-ın qarşıdakı fəaliyyətinə dair fikirlər də yeni siyasi mərhələnin tələbləri kontekstində qiymətləndirilməlidir. 30 ildən artıq siyasi fəaliyyətə malik olan partiyanın qarşısında cəmiyyətin dəyişən gözləntilərinə uyğunlaşmaq, yeni informasiya mühitində daha fəal olmaq və ictimai dialoqu genişləndirmək kimi vəzifələr dayanır.

Müasir dövrdə siyasi fəaliyyətin mahiyyəti əvvəlki dövrlərdən fərqlənir. Sosial şəbəkələr, rəqəmsal media və informasiya texnologiyaları cəmiyyətlə siyasi institutlar arasında münasibətlərin xarakterini dəyişib. Artıq yalnız görülən işləri sadalamaq kifayət etmir. İnsanların suallarına cavab vermək, problemləri dinləmək, konkret faktlarla danışmaq və cəmiyyətin müxtəlif təbəqələri ilə açıq ünsiyyət qurmaq daha böyük əhəmiyyət daşıyır.

Bu baxımdan cənab İlham Əliyevin ideoloji işin müasir informasiya imkanlarından istifadə etməklə təkmilləşdirilməsinə dair yanaşması xüsusi diqqət tələb edir. İdeoloji fəaliyyətin effektivliyi onun şüarların çoxluğu ilə deyil, arqumentlərin inandırıcılığı və cəmiyyətlə qurulan kommunikasiya səviyyəsi ilə müəyyən edilməlidir.

Ölkənin yeni inkişaf mərhələsi Azərbaycanın ən böyük siyasi təşkilatı olan YAP-ın üzvləri qarşısında yeni vəzifələr və məsuliyyətlər müəyyənləşdirir. Yeni dövrdə YAP üzvlərinin əsas vəzifələrindən biri dövlət siyasətini cəmiyyətə düzgün izah etməklə yanaşı, cəmiyyətdəki müxtəlif fikirləri də eşitməkdir. Sağlam siyasi dialoq yalnız birtərəfli məlumatlandırma deyil, qarşılıqlı ünsiyyət tələb edir.

Qurultayda cənab İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri Azərbaycanın xarici siyasəti oldu. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin dərinləşdiyi bir şəraitdə Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi ölkənin iqtisadi və siyasi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Çin, ABŞ, Avropa ölkələri, Türkiyə, Mərkəzi Asiya dövlətləri və digər tərəfdaşlarla münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Burada əsas prinsip milli maraqların qorunması və dövlətin müstəqil qərarvermə imkanlarının saxlanılmasıdır.
Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları da xarici siyasətin iqtisadi dayaqlarını möhkəmləndirən amillər sırasındadır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları ölkənin regional bağlantılarda rolunu artırır.

Lakin bu imkanların tam reallaşdırılması üçün tranzit həcmlərinin yüksəldilməsi ilə yanaşı, logistika, istehsal və xidmət sahələrinin də inkişaf etdirilməsi vacibdir. Cənab Prezidentin çıxışında iqtisadi inkişaf və sosial siyasət məsələlərinə də geniş yer verilməsi təsadüfi deyil. Minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması istiqamətində nəzərdə tutulan tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır. Eyni zamanda sosial siyasətin davamlılığı üçün iqtisadi bazanın möhkəmləndirilməsi zəruridir.

Burada iqtisadi siyasətin qarşısında duran əsas məsələlərdən biri inkişafın mənbələrinin şaxələndirilməsidir. Neft-qaz sektoru Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıb. Qarşıdakı mərhələdə isə qeyri-neft sektorunun genişləndirilməsi, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiqi və insan kapitalına daha böyük diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Prezidentin çıxışında investisiyaların roluna xüsusi diqqət ayrılması ölkənin iqtisadi inkişafının davamlılığının təmin edilməsi və yeni inkişaf imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. İnvestisiyanın real iqtisadi nəticəsi onun yalnız maliyyə həcmi ilə deyil, yaratdığı yeni istehsal imkanları, iş yerləri, texnologiya və ixrac potensialı ilə ölçülür.

Azərbaycanın enerji siyasəti də yeni mərhələyə qədəm qoyur. Ölkənin neft və qaz ehtiyatları uzun illər ərzində iqtisadi inkişafın əsas dayaqlarından biri olub. İndi isə enerji gündəliyinə elektrik enerjisi, bərpa olunan enerji mənbələri və yeni enerji layihələri də əlavə olunur. Bu istiqamətdə Azərbaycanın məqsədi yalnız enerji istehsalını artırmaq deyil, həm də regional enerji sistemində rolunu genişləndirmək olmalıdır. Yaşıl enerji potensialından istifadə, enerji infrastrukturunun modernləşdirilməsi və yeni ixrac imkanlarının yaradılması gələcək iqtisadi inkişafın mühüm istiqamətlərindən birinə çevrilə bilər. 

Təbriz Ağayev

Buzovna bələdiyyəsinin sədr müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31