TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüblər
15:57 SiyasətTürk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası çərçivəsində təşkilata üzv dövlətlərin parlament sədrləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüblər. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Dövlət başçısı görüşün qardaş dövlətlər arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsi kimi dəyərləndirib və Qırğızıstanın TÜRKPA çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, Assambleyanın fəaliyyəti qardaş dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal texnologiyalar və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində qardaş Qırğızıstanda olmaqdan məmnunluğunu bildirərək, göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkür edib. O, Qırğızıstanın əldə etdiyi sosial-iqtisadi uğurların, ilk növbədə, müdrik rəhbərliyin, gərgin işin nəticəsi olduğunu vurğulayıb və qardaş ölkələrin təmsilçiləri olaraq Qırğızıstanın uğurlarına sevindiklərini bildirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın inkişafında, inteqrasiya proseslərinin dəstəklənməsində və qardaş dövlətlər arasında əlaqələrin genişləndirilməsində TÜRKPA-nın əhəmiyyəti vurğulanıb. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də ortaq dəyərlərin və türk xalqlarının milli kimliyinin qorunub saxlanılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.