Azərbaycanın çoxvektorlu diplomatiyası: Bakı Qərb qurumlarının hücumlarına necə cavab verir? – ÖZƏL

"Azərbaycanın Qərbdən uzaqlaşması və ya Qərbə yaxınlaşması barədə fikir bildirmək bir qədər absurd olardı. Çünki Azərbaycan heç vaxt xüsusi olaraq Qərbə yaxınlaşmağa cəhd göstərməyib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın əsas xarici siyasət kursu bütün ölkələrlə normal münasibətlərin qurulması, qarşılıqlı iqtisadi, ticari və siyasi fayda əsasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən ibarətdir. Azərbaycan daim bu istiqamətdə siyasət yürüdür və buna görə də ölkənin xarici siyasəti bütövlükdə çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunur. Azərbaycanın Avropadan nə uzaqlaşması, nə də ona yaxınlaşması istiqamətində xüsusi cəhdləri mövcuddur. Sadəcə, hər hansı Avropa ölkəsi və ya qurumu ilə münasibətlər korlanıbsa və ya gərgin xarakter alıbsa, bunun səbəbi qarşı tərəfin mövqeyidir. Məsələn, Fransa, Avropa Şurası və Avropa Parlamenti kimi bəzi Avropa dövlətləri və qurumları Azərbaycana qarşı daim ermənipərəst, böhtançı və qərəzli mövqe sərgiləyiblər. Azərbaycan da təbii olaraq buna reaksiya vermək məcburiyyətində qalıb. Bu baxımdan, baş verənlər Azərbaycanın Qərbdən uzaqlaşması anlamına gəlmir. Bu, sadəcə, qarşı tərəfin qərəzli mövqeyinə verilən reaksiyadır. Ona görə də hazırkı vəziyyətdə Azərbaycanın Qərbdən uzaqlaşması və ya ona yaxınlaşması arasında paralellər aparmaq üçün uyğun şəraitin olduğunu düşünmürəm.

Azərbaycan özünə dost münasibət bəsləyən bütün ölkələrə qarşı dost münasibəti sərgiləyir. Lakin ermənipərəst mövqedən çıxış edərək qərəzli ittihamlar irəli sürən ölkələrə də eyni şəkildə, yəni sərt reaksiya ilə cavab verir. Bunu Fransanın timsalında da görmək mümkündür. Azərbaycan Fransaya qarşı sərt mövqeyini ardıcıl şəkildə davam etdirib. 

"Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, Azərbaycan təkcə bu iki Qərb qurumuna deyil, ümumiyyətlə, özünə qarşı qərəzli mövqe sərgiləyən dövlətlərə və Qərb təsisatlarına adekvat reaksiya vermək siyasətini davam etdirmək niyyətindədir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31