Zəngilanın coğrafi mövqeyi onun regional əhəmiyyətini artırır-Özəl

"Zəngilanın işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisələrdən biri olmaqla yanaşı, rayonun yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu gün Zəngilan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi ilə Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov deyib: "Şəhərdə yaşayış komplekslərinin, yol-nəqliyyat infrastrukturunun və sosial obyektlərin yaradılması insanların doğma torpaqlarına qayıdışı üçün əlverişli şərait formalaşdırır. Ağalı kəndində reallaşdırılan "Ağıllı kənd" layihəsi müasir yaşayış modelinin nümunəsidir. Zəngilan Beynəlxalq Hava Limanı isə bölgənin nəqliyyat-logistika imkanlarını genişləndirərək onun iqtisadi və strateji əhəmiyyətini artırır.

Zəngilanın coğrafi mövqeyi onun regional nəqliyyat və iqtisadi əlaqələrdə rolunu artıran əsas amillərdəndir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsi şəhərin iqtisadi potensialının reallaşdırılması üçün yeni imkanlar yarada bilər.

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrində iştirakı Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının əhəmiyyətini göstərir. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərinin investorları ilə kənd təsərrüfatı, bərpaolunan enerji, logistika, turizm və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin hazırlanması perspektivli istiqamətlərdir.

Zəngilanın dirçəlişinin əsas məqsədi yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də insanların doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyatının təmin edilməsidir. Məşğulluğun artırılması, sosial xidmətlərin genişləndirilməsi və iqtisadi fəaliyyət imkanlarının yaradılması Böyük Qayıdışın davamlılığını müəyyən edən əsas amillərdəndir.

Bu gün Zəngilan azadlığın, quruculuğun və gələcəyə inamın rəmzinə çevrilir. Şəhərdə həyata keçirilən bərpa işləri və beynəlxalq əməkdaşlıq perspektivləri onun gələcəkdə Azərbaycanın mühüm iqtisadi və logistika mərkəzlərindən biri kimi inkişaf etməsi üçün geniş imkanlar açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31