"Moskva TRIPP dəhlizinə qoşulmaq istəyir, lakin..." — Taleh Əliyevdən ŞƏRH – ÖZƏL

"10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatından sonra Rusiya tərəfi ilkin mərhələdə ciddi cəhdlər göstərirdi ki, Ermənistanın Mehri rayonu ərazisindən keçəcək dəmir yolu, avtomobil yolu və digər kommunikasiya xətlərinin təhlükəsizliyi Ermənistan tərəfindən Rusiyanın sərhəd qoşunlarına həvalə edilsin. Lakin Nikol Paşinyan bu prosesə, demək olar ki, sonadək müqavimət göstərdi. O, həmin istiqamətdə həyata keçiriləcək layihələrin təhlükəsizliyinin Ermənistanın müvafiq dövlət qurumları və ya yeni yaradılacaq qurum tərəfindən təmin olunacağını, ən sadə halda isə bu vəzifənin hansısa beynəlxalq təşkilata həvalə edilə biləcəyini bildirdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra Rusiya tərəfi bu dəfə də TRIPP dəhlizi adlandırılan marşrutun təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə çalışdı. Lakin Rusiya anladı ki, Ermənistan buna razı olsa belə, ABŞ bu məsələyə müsbət yanaşmayacaq. Buna görə də Rusiya həmin marşrutda pay sahibi olmaq istiqamətində fəal iş aparmağa başladı. Amma təbii ki, bu dəfə də həm Ermənistan, həm də Amerika Birləşmiş Ştatları Rusiyanın bu istəyinə müsbət yanaşmadı. Sonradan Putin yolu adlandırılan, Abxaziya ərazisindən keçməklə Gürcüstan və Ermənistanı birləşdirəcək yeni dəmir yolu və avtomobil yolunun çəkilməsi ideyası da ortaya atıldı. Hazırda kifayət qədər maliyyə çətinlikləri yaşayan Rusiyanın belə bahalı layihəni həyata keçirməsi real görünmədiyindən, bu ideya hələlik yalnız təklif olaraq qalır.

Ekspertin sözlərinə görə, Rusiya TRIPP dəhlizinə qoşulmaqda ciddi maraqlıdır. Amma bir məqamı da unutmaq lazım deyil ki, TRIPP dəhlizinin işə düşməsi əslində Rusiyanı təkcə Ermənistandan deyil, bütövlükdə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəlmiş bir layihə olmaqla yanaşı, həm də strateji əhəmiyyət daşıyır. Ona görə də düşünmürəm ki, gələcəkdə Rusiyanın bu layihədə iştirak etməsi üçün ona təkliflər verilsin. Belə təkliflər yalnız o halda irəli sürülə bilər ki, Rusiya beynəlxalq münasibətlərdə hazırda zəifləmiş mövqelərini əhəmiyyətli dərəcədə bərpa etsin və Ermənistan üzərindən Cənubi Qafqazda öz mövqelərini yenidən möhkəmləndirsin. Yalnız bu zaman həm Ermənistan, həm də Amerika Birləşmiş Ştatları yaranmış vəziyyətlə əlaqədar Rusiyanı layihəyə cəlb etmək məcburiyyətində qala bilər. Bu isə yalnız Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə mümkün ola bilər. Yəni Nikol Paşinyanın yerinə Ermənistandakı Rusiyayönümlü "beşinci kolon"u təmsil edən hər hansı bir şəxs hakimiyyətə gələr və bu dəfə ABŞ-ni Rusiyanın xeyrinə qərar vermək məcburiyyəti qarşısında qoymağa çalışar. Lakin belə bir ssenari real görünmədiyindən, Rusiyanın TRIPP dəhlizində hər hansı formada iştirak etməsi inandırıcı deyil. Bu səbəbdən hesab edirəm ki, Rusiya tərəfinin bundan sonra da bu istiqamətdə səsləndirəcəyi bəyanatlara nə Amerika Birləşmiş Ştatları, nə də Ermənistan hökuməti tərəfindən müsbət cavab veriləcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31