Azərbaycan-Özbəkistan müttəfiqliyi regional təhlükəsizliyə yeni imkanlar açır-ÖZƏL

"Özbəkistan Prezidentinin Azərbaycana səfəri yüksək qiymətləndirilməlidir. Bu səfər yalnız ikitərəfli münasibətlərə həsr olunmuş xüsusi səfər deyil. Bu, AQEM çərçivəsində dövlət başçılarının görüşündə iştirak etmək məqsədilə həyata keçirilən səfərdir. Amma bu o demək deyil ki, səfər yalnız AQEM-lə məhdudlaşacaq. Yəqin ki, Azərbaycan və Özbəkistan tərəfləri həm AQEM çərçivəsində, həm üzv olduqları digər təşkilatların birgə fəaliyyəti çərçivəsində, həm də ikitərəfli münasibətlər kontekstində əlaqələrin daha da inkişaf etdirilməsi və daha yaxşı nəticələrin əldə olunması perspektivlərini müzakirə etmək üçün müxtəlif görüşlər keçirəcək, müzakirələr aparacaqlar".

Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib: 

" Azərbaycan-Özbəkistan münasibətləri artıq dostluq və tərəfdaşlıq çərçivəsindən çıxaraq, eyni zamanda müttəfiqlik münasibətləri kontekstinə daxil olan nadir əlaqələrdən birinə çevrilməkdədir.
Məhz bu müttəfiqlik ruhu imkan verir ki, biz istər AQEM çərçivəsində, istər digər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli, üçtərəfli və ya digər çoxtərəfli formatlarda əlaqələrimizin inkişafına nail olaq, yeni layihələr təşkil edək, mövcud layihələri daha da inkişaf etdirək və daha yaxşı nəticələr əldə edək. AQEM sammitində Özbəkistan prezidentinin iştirakı və regional təhlükəsizlikdəki rolu ilə bağlı məsələyə gəlincə, burada da iki mühüm məqam var.
Həmin məqamlardan birincisi budur ki, bir ölkənin hansısa beynəlxalq qurum və ya beynəlxalq təşkilat olmayan çoxtərəfli münasibətlər formatı çərçivəsində üzərinə məsuliyyət götürməsi və bunu reallaşdırması ilə təhlükəsizliyi təmin etmək mümkün deyil. Bütün tərəflər üzərlərinə götürdükləri təhlükəsizlik və digər öhdəlikləri yerinə yetirməlidirlər. Amma burada əsas məsələ nədən ibarətdir? Özbəkistanın beynəlxalq hüquqa yanaşmasını nəzərə almalıyıq.
Qardaş dövlət müstəqilliyini qazandıqdan sonra, ötən 35 ilə yaxın müddətdə hər hansı digər dövlətə qarşı ərazi iddiaları irəli sürməsi, başqa ölkələrin daxili işlərinə qarışması, təxribatlar törətməsi və sair hallarla gündəmə gəlməyib. Özbəkistan həmişə tərəfdaşlıq mövqeyinə sadiq qalan ölkələrdən biri olub. Belə bir dövlətin AQEM-də iştirakı, təşkilat çərçivəsində davamlı layihələr və təşəbbüslərlə çıxış etməsi, AQEM-in ruhuna sadiq qalması, ümumiyyətlə, beynəlxalq hüquqdan və beynəlxalq təşkilatların fəaliyyət prinsiplərindən irəli gələn prioritetləri dəstəkləməsi, əlbəttə ki, digər ölkələr üçün də nümunədir.
AQEM-ə üzv ölkələr arasında elə dövlətlər var ki, onların başqa dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyünü, hücumlar həyata keçirdiyini və ya ən azı digər ölkələrin daxili işlərinə qarışaraq təxribatlara yol verdiyini görmüşük.
Bu cür ölkələr üçün Özbəkistan kimi uğurlu nümunələr əslində çox faydalı ola bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31