Nikol Paşinyan: “Ermənistan 90-cı illərdə təbiətdən aldığı borcu geri qaytarmalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda BMT-nin Biomüxtəliflik üzrə COP17 sammitinin açılışında çıxış edərək bildirib ki, ölkə 1990-cı illərdə təbiətdən götürdüyü borcu qaytarmaq məcburiyyətindədir. Paşinyan xatırladıb ki, SSRİ dağıldıqdan sonra yaşanan ağır sosial-iqtisadi böhran zamanı enerji qıtlığı səbəbindən meşələr, hətta şəhər parkları qırılmış, həmçinin ərzaq çatışmazlığı fonunda Sevan gölünün çapaq balığı (siq) əhalini aclıqdan xilas etsə də, balıq ehtiyatları tükənmək həddinə çatmışdı.

Baş nazir vurğulayıb ki, hökumət təbiətin mühafizəsinin məhv edilməsindən daha çox gəlir (xüsusilə turizm vasitəsilə) gətirə biləcəyini cəmiyyətə nümayiş etdirməyə çalışır. Görülən ekoloji tədbirlər nəticəsində Sevan gölündə qızılbalıq (işxan) ehtiyatı 10 il əvvəlki 20 tondan 374 tona çatdırılıb, dağ çaylarında çay qızılbalığının populyasiyası bərpa olunur. Həmçinin Qafqaz bəbiri və Qafqaz nəcib maralının sayının artırılması uğurlu layihələr kimi qeyd edilib. Paşinyan su resurslarına qənaətin vacibliyini və BMT-nin Biomüxtəliflik haqqında Konvensiyasının qərarlarına əməl olunmasının əhəmiyyətini də diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31