Kiyevin Rusiyanı yaxın zamanda hərbi yolla sülhə məcbur etməsi mümkündür- ÖZƏL
12:44 SiyasətRusiya-Ukrayna müharibəsinin hazırkı mənzərəsinə baxdıqda ortaya çıxan əsas nəticə budur: müharibə həlledici dönüş nöqtəsindən çox uzaqdır. Bu da cəbhədəki nisbi tarazlıq, dərinlikdə qarşılıqlı zərbələrin intensivləşməsi, hərbi sənayenin genişlənməsi və tərəflərin siyasi məqsədlərindən geri çəkilməməsi münaqişənin daha uzunmüddətli xarakter alacağını göstərir. 2026-cı ilin yayında vəziyyətin əsas paradoksu bundan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna bir-birinə qarşılıqlı formada ciddi zərər vurmaqdadır. Tərəflərdən heç biri bu imkanını strateji qələbəyə çevirə bilmir.
Ukrayna uzunmənzilli dronlarla müharibənin gedişatından yeni reallıq yaratsa da, bu müharibənin taleyini həll edəcək səviyyədə deyil. Dərinlikdə zərbələrin artması Rusiyaya ciddi iqtisadi və logistika təzyiqi yaratsa da, bu, Kremlin siyasi iradəsini sındırmır. Rusiya da öz növbəsində ballistik raketlərindən və dronlardan istifadə etsə də strateji üstünlük əldə edib müharibənin gedişatını öz xeyrinə dəyişə bilmir. Kiyev yalnız ABŞ-nin aktiv dəstəyi ilə Moskvanın hücumları qarşında uzun müddət tab gətirə və ciddi dönüş yarada bilər. Lakin hazırki vəziyyətdə ABŞ-nin diqqətinin Yaxın Şərqdəki müharibəyə yönəldiyindən Kiyevə bu dəstəyi verə bilmir. Tramp bunu iyulun 28-də Zelenski ilə görüşündə də açıq etiraf edib. NATO ölkələri də 2026-cı il üçün Ukraynaya böyük həcmdə hərbi yardım öhdəliyi götürüblər. Lakin yardımın həcmi ilə onun döyüş meydanına lazımi sürətlə çatdırılması arasında fərq qalır. Ona görə də indi əsas strategiya və taktika kimin daha uzun müddət davam gətirə bilməsidir.
Müharibə necə başa çata bilər?
Müharibənin yalnız tərəflərdən birinin tam hərbi dominantlıq əldə etməsi ilə bitəcəyini düşünmək də doğru olmaz. Tarix göstərir ki, uzunmüddətli müharibələr bəzən hərbi qələbədən deyil, tərəflərin bir-birini tam məğlub edə bilməyəcəyini qəbul etməsindən sonra danışıqlar masasına keçməsi ilə sona çatır. Bu baxımdan hazırkı mərhələdə üç mümkün ssenari daha real görünür.
Birinci ssenari - uzunmüddətli aşınma müharibəsi. Tərəflər cəbhədə məhdud dəyişikliklər əldə edir, lakin heç biri strateji üstünlük qazana bilmir. Bu, hazırda ən real mənzərəyə yaxındır.
İkinci ssenari - məhdud hərbi dönüş və danışıqlar. Tərəflərdən biri müəyyən istiqamətdə ciddi üstünlük əldə edir və bu üstünlük danışıqlarda daha əlverişli mövqe yaratmağa başlayır.
Üçüncü ssenari - məcburi siyasi razılaşma. Hər iki tərəf başa düşür ki, müharibəni davam etdirməyin qiyməti əldə edilə biləcək əlavə ərazi və ya siyasi nəticədən daha böyükdür. Bu halda cəbhədə həlledici qələbə olmadan da atəşkəs və ya mərhələli siyasi razılaşma mümkündür.
Hazırda birinci ssenarinin üstünlüyü daha aydın görünür. Əsas reallıq bundan ibarətdir ki, heç kim qələbəyə kifayət qədər yaxın deyil. Rusiya-Ukrayna müharibəsinin bugünkü mənzərəsini ən doğru ifadə edən söz "tarazlaşdırılmış qeyri-sabitlik"dir. Rusiya daha böyük resurs bazasına malikdir, lakin sürətli qələbə əldə edə bilmir. Ukrayna daha çevik texnologiyalara, Qərbin siyasi və hərbi dəstəyinə, eləcə də Rusiyanın dərinliklərinə zərbə imkanlarına sahibdir, lakin bu imkanları strateji qələbəyə çevirmək üçün kifayət qədər resursa malik deyil.
Məhz buna görə qarşıdurma gərginliyin azalmasından çox yeni eskalasiya mərhələlərinə keçir. Rusiyanın raket və dron kampaniyaları ilə Ukraynanın uzaqmənzilli zərbələri bir-birini tamamlayan qarşıdurma dövrəsinə çevrilir. İyulun sonundakı hadisələr də bunu nümayiş etdirir: Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələrindən sonra Moskva Ukraynanın şəhərlərinə qarşı daha intensiv raket hücumları həyata keçirib.
Beləliklə, yaxın perspektivdə müharibənin əsas sualı "kim qalib gələcək?" yox, "kim daha uzun müddət dözə biləcək və daha gec tükənəcək?" sualıdır. Bu səbəbdən 2026-cı ilin ikinci yarısında əsas mübarizə yalnız Donbasda və cəbhə xəttində getməyəcək. Əsl savaş həm də sənaye, enerji, hava hücumundan müdafiə, logistika, maliyyə və diplomatiya sahələrində aparılacaq. Və ən vacib nəticə budur: hazırkı reallıqda nə Moskvanın qələbəsi, nə də Kiyevin Rusiyanı yaxın zamanda hərbi yolla sülhə məcbur etməsi görünür. Müharibənin sonunu gətirə biləcək əsas faktor hələ də tərəflərdən birinin tam məğlubiyyəti deyil, hərbi imkanlarla siyasi məqsədlər arasında yaranacaq yeni balans olacaq. Bu balans formalaşmayana qədər isə Rusiya-Ukrayna müharibəsinin əsas istiqaməti dəyişməyəcək: cəbhədə məhdud irəliləyişlər, dərinlikdə daha sərt zərbələr, qarşılıqlı tükəndirmə və vaxtaşırı diplomatik cəhdlər.
Mürtəza Bünyadlı
Siyasi şərhçi