İrəvanda kölgədə qalan prezident institutu: Paşinyan Xaçaturyanı kimlə əvəzləyəcək? – ÖZƏL

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın son aylarda siyasi və ictimai gündəmdən kənarda qalması ölkə mediasında genis müzakirələrə səbəb olub. Məhdud səlahiyyətlərə malik prezidentin simvolik fiqura çevrildiyini və büdcəyə əlavə yük olduğunu bildirən müşahidəçilər, Nikol Paşinyanın bu vəziyyətdən istifadə edərək yeni Konstitusiya referendumunda prezident institutunu ləğv etməyə və ya səlahiyyətlərini daha da azaltmağa çalışacağını iddia edirlər. Hakim partiya hələ ki növbəti namizədi açıqlamasa da, siyasi kuluarlarda Alen Simonyan, Arayik Arutyunyan və Ararat Mirzoyanın adları hallanır.

Vaaqn Xaçaturyanın passivliyi Paşinyanın prezident institutunu ləğv etmək planının tərkib hissəsidirmi? Ermənistanın mövcud idarəetmə modelində prezident postunun tamamilə ləğvi real görünürmü?

"Ermənistanda parlament seçkilərinə hazırlıq mərhələsində, eləcə də seçkiqabağı təbliğat dövründə belə bir məsələ gündəmdə idi ki, növbəti parlament seçkilərindən sonra hakim partiya - yəni Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə qalib gəlsə, prezident dəyişdiriləcək. Ermənistan mətbuatında bu kontekstdə Alen Simonyanın adı tez-tez hallanırdı. Lakin mən hazırkı vəziyyətdə düşünmürəm ki, Paşinyan tərəfindən prezidentliyə namizəd kimi Alen Simonyan irəli sürüləcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin fikrincə, Ararat Mirzoyanın adı daha real görünə bilər. Çünki Paşinyanla Alen Simonyan arasında müəyyən fikir ayrılıqları və gərginlik yaşanıb. Hakim partiyanın rəhbərliyi daxilində də müəyyən narazılıqlar yaranmışdı. Son dövrlərdə Simonyanın bəzi çıxışları və davranışları elə təsəvvür yaradırdı ki, o, Paşinyanı çətin vəziyyətdə qoyur, hətta müəyyən mənada onun reytinqini kölgədə saxlayırdı. Buna görə də hesab etmirəm ki, Paşinyan özü üçün potensial rəqib hesab etdiyi bir şəxsi prezident postuna gətirmək istəsin.

Ekspert bildirib ki, Ermənistanda prezidentin səlahiyyətləri kifayət qədər məhduddur və əsas səlahiyyətlər baş nazirin əlində cəmləşib. Hələ yeni parlamentin ilk iclası keçirilməyib. Səhv etmirəmsə, bu iclas avqust ayında baş tutmalıdır. İlk iclasdan sonra parlamentin sədri seçiləcək, daha sonra isə prezident məsələsinə aydınlıq gələcək. Düşünürəm ki, Vaaqn Xaçaturyan artıq prezidentlik müddətinin başa çatdığını bildiyi üçün daha passiv davranır. Ümumiyyətlə, o, bundan əvvəl də aktiv siyasi fəaliyyətlə seçilmirdi. Ermənistanın mövcud idarəetmə modelində prezident postu əsasən simvolik xarakter daşıyır və Paşinyanın fəaliyyətinə ciddi təsir göstərən bir institut deyil. Buna görə də hesab etmirəm ki, yaxın perspektivdə bu vəzifə tamamilə ləğv olunsun. Parlament respublikalarının əksəriyyətində belə simvolik prezident institutu mövcuddur. Eyni zamanda, düşünmürəm ki, Paşinyan yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirə bilsin. Birincisi, o, bu barədə açıqlamalar versə də, hələlik bu istiqamətdə real maraq nümayiş etdirmir. İkincisi, Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə konstitusion çoxluq tələb olunur. Biz bilirik ki, Paşinyanın partiyası hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, konstitusion çoxluğu əldə edə bilməyib. Üstəlik, Paşinyan zaman-zaman Konstitusiya islahatlarından danışır, lakin bu istiqamətdə real addımların atıldığını görmürük. Mən həmişə demişəm ki, bunu seçkilərdən əvvəl etmək imkanı var idi. Həmin dövrdə həm konstitusion çoxluq, həm də digər siyasi imkanlar Paşinyan hakimiyyətinin əlində idi, amma bundan istifadə edilmədi.

"Ermənistanın daxili siyasi vəziyyətinə gəlincə, hazırda seçkilərdən sonra Paşinyan müxalifətin bir sıra aparıcı nümayəndələrini həbs etdirdi. Buna baxmayaraq, parlamentə düşən iki əsas müxalif blok fəaliyyətini davam etdirəcək. Bunlardan biri Qasparyanın, digəri isə Karapetyanın rəhbərlik etdiyi blokdur. Onlar deputat mandatlarını qəbul edəcəklər və parlamentin işində iştirak edəcəklər. Görünür, hazırda proseslərin inkişafını gözləyirlər. Parlament fəaliyyətə başladıqdan sonra onların mövqeyi və fəaliyyəti daha aydın görünəcək. Onlar özləri də bəyan ediblər ki, ilk növbədə mübarizəni parlament daxilində aparacaqlar. Əgər bunun nəticəsi olmasa, o zaman küçə etirazlarına keçəcəklər. Ona görə də hazırda Ermənistanda ilk baxışdan müəyyən sakitlik müşahidə olunur. Seçkiqabağı və seçki dövründə müşahidə olunan gərginlik hələlik səngimiş kimi görünür. Hazırda real siyasi addımlar atılmır və proseslər müəyyən durğunluq mərhələsindədir. Məncə, sentyabr ayından etibarən siyasi proseslərin yenidən sürətlənməsinin şahidi olacağıq", - deyə Ş. Ağayev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31