Rusiyanın “boş qalan yerini” Türkiyəyə vermək iddiaları "absurd və məntiqsiz"dir – Elçin Xalidbəyli – ÖZƏL

Ermənistan və Avropa İttifaqı (Aİ) arasında 64 səhifəlik Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb ki, bu da ikitərəfli əlaqələri yeni mərhələyə qaldırır. Aİ rəsmisi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb və İrəvana Rusiyanın informasiya kampaniyasına qarşı mübarizə üçün 15 milyon avro ayrılacaq.
Erməni təhlilçilər iddia edirlər ki, Qərb Rusiyanın regiondakı təsirini zəiflətməklə, onun "boş qalan yerini" Türkiyəyə vermək niyyətindədir. Aİ bu məqsədlə Ermənistanın enerji sisteminin Türkiyə ilə birləşdirilməsini dəstəkləyir.
Qeyd edək ki, Ermənistanın İqtisadiyyat Naziri Qevork Papoyan və Türkiyənin Kənd Təsərrüfatı Naziri İbrahim Yumaklı İstanbulda görüşərək, Qars-Gümrü dəmir yolu əlaqəsinin bərpası və "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində yeni iqtisadi imkanları müzakirə ediblər.
Qarabağ məsələsi həll olunduğundan, Türkiyənin Ermənistanla sərhədi açması artıq Bakı üçün həssas məsələ deyil, baxmayaraq ki, rəsmi Ankara sülh müqaviləsinin imzalanmasını əsas şərt kimi irəli sürür.

"Erməni təhlilçilərin səsləndirdiyi iddiaların reallığa nə dərəcədə uyğun olub-olmadığı hələlik məlum deyil. Yəni, Avropa Birliyi ölkələrinin Rusiyadan boşalan yeri Türkiyəyə vermək niyyətində olduqlarını təsdiqləyən heç bir ciddi əlamət mövcud deyil. Bu, sadəcə olaraq erməni təhlilçilərin irəli sürdüyü iddialardır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hazırda Ermənistan növbəti parlament seçkiləri ərəfəsindədir. Rusiyanın isə Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə zəifləyib. Buna görə Kreml Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya, xüsusilə də Avropa Birliyi ilə yaxınlaşma siyasətini hədəfə almaq üçün Türkiyə faktorundan istifadə etməyə çalışır. Kreml öz agentura şəbəkəsinə, o cümlədən həmin şəbəkəyə daxil olan bəzi erməni təhlilçilərə, Rusiyanın Cənubi Qafqazdakı yerinin guya Türkiyə tərəfindən doldurulacağı və bu siyasətin Avropa Birliyi tərəfindən dəstəkləndiyi barədə manipulyativ iddialar irəli sürülməsini tapşırır. Bu, açıq şəkildə siyasi oyundur və Paşinyan hakimiyyətinə qarşı yönəlib.

"Avropa Birliyinin Türkiyəyə münasibəti o qədər də müsbət deyil. Üstəlik, Avropa Birliyi Ermənistanla strateji tərəfdaşlıq sənədi imzaladığı halda Cənubi Qafqaza yerləşmək üçün niyə məhz Türkiyəni irəli sürməli olduğu ayrıca izah tələb edir. Bu baxımdan belə iddialar olduqca absurd və məntiqsizdir. Bəli, Avropa Birliyi Cənubi Qafqaz siyasətində Türkiyə ilə koordinasiyaya çalışır, lakin bu, Rusiyanın bölgədə boşaltdığı yeri Türkiyəyə vermək məqsədi daşımır. Çünki Avropa Birliyinin Cənubi Qafqazda real təsir mexanizmləri mövcud deyil. Belə olan halda bölgədə qüvvələr balansını müəyyənləşdirmək Avropa Birliyinin imkanları daxilində deyil. Əksinə, Avropa Birliyi bölgəyə nüfuz etmək üçün Türkiyə ilə yaxın münasibətlər qurmağa və ortaq fəaliyyətə can atır. Çünki Türkiyə Cənubi Qafqazın birbaşa qonşusudur," - deyə ekspert əlavə edib.

E. Xalidbəyli qeyd edib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan isə Türkiyənin hərbi-strateji müttəfiqidir. Yəni Türkiyə faktiki olaraq artıq Cənubi Qafqazın içindədir. Bu səbəbdən Rusiyanın boşaltdığı yerin guya Türkiyəyə verilməsi ilə bağlı erməni iddiaları absurd və məntiqsizdir.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Avropa Birliyindən fərqli olaraq Türkiyə Cənubi Qafqaz üzrə "3+3" formatının birbaşa iştirakçısıdır. Belə olan halda Kremlin təbliğat maşınının təmsilçisi rolunu oynayan erməni təhlilçilərin Türkiyə ilə bağlı iddiaları həm erməni cəmiyyətini Türkiyədən qorxutmaq, həm də guya Avropa Birliyinin Ermənistana Türkiyəni "gətirmək" niyyətinin olduğunu qabartmaqla Avropa Birliyi ilə yaxınlaşma siyasətini gözdən salmağa hesablanıb. Yəni bu iddialar olduqca absurd və məntiqsiz erməni təhlilidir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31