Ermənistanda ABŞ-la birgə TRIPP şirkəti yaradılır: Nə dəyişəcək?- ÖZƏL

Ermənistanda "Tramp Marşrutu" layihəsinin həyata keçirilməsi məqsədilə "TRIPP Company" adlı şirkət qeydiyyatdan keçiriləcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində keçirilən tədbirdə açıqlama verib. Onun sözlərinə görə, bu, Ermənistan-ABŞ birgə şirkəti olacaq və lazımi infrastrukturun, dəmir yollarının, avtomobil magistrallarının, neft və qaz kəmərlərinin, eləcə də optik lif kabellərinin inkişaf hüququnu əldə edəcək.



Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" ABŞ Zəngəzur (TRIPP) təhlizi vasitəsilə iqtisadi və infrastruktur sahələrində Ermənistanda, ümumilikdə isə həmin dəhliz boyunca Cənubi Qafqazda uzunmüddətli iştirak qazanır. Artıq bəlli olduğu kimi, Vaşinqton görüşündə əldə olunmuş razılaşmalara əsasən tranzit, enerji və müəyyən nəqliyyat xətlərinə çıxışı əhatə edir ki, bu da ABŞ-ın Cənubi Qafqazda əlavə təsir imkanları əldə etməsi deməkdir. Bu, ABŞ-ın bölgəyə rəsmən daxil olması kimi də qiymətləndirilə bilər.
ABŞ öz dialoq platforması vasitəsilə regionda maraqlı tərəf və birbaşa iştirakçıya çevrilir. Bununla da ABŞ Cənubi Qafqazdakı siyasi çəkisini artırır və proseslərə təsir imkanlarını genişləndirir. TRIPP layihəsinin Şərq-Qərb marşrutlarına, eləcə də Azərbaycan-Türkiyə xətti və digər dəhlizlərə necə təsir göstərə biləcəyi məsələsinə gəldikdə isə hazırda dəhliz fəaliyyətə başlasa da  qısamüddətli dövrdə  təsirin az olacağı gözlənilir. Çünki infrastruktur hələ tam qurulmayıb.
Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra isə yük axınının müəyyən hissəsinin yeni marşruta yönəlməsi mümkündür. Bu isə rəqabəti artıracaq və müxtəlif marşrutların üstünlükləri - məsafə, tariflər, yolun keyfiyyəti və digər amillər önə çıxacaq.
Bu baxımdan da TRIPP layihəsi Orta Dəhlizin tamamlayıcısı kimi çıxış edir və həmin xəttin cəlbediciliyini artırır. Dəhlizlər arasında fərqləri müəyyən edən əsas faktorlar isə tariflər, yol infrastrukturu və məsafə olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31