Heç bir gizli plan ölkəmizin dövlətçilik dayaqlarını sarsıda bilməz- ÖZƏL
15:02 Siyasət"Azərbaycan dövlətçiliyinə qarşı atılmış hər hansı addım, onun miqyasından və motivindən asılı olmayaraq, ən ciddi siyasi və hüquqi qiymətləndirməni tələb edir. Son günlər istintaq materialları üzə çıxardığı faktlarla göstərir ki, ayrı-ayrı qruplar şəxsi ambisiyalarını milli maraqların fövqünə qaldıraraq ölkədə süni xaos yaratmağa çalışıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Fatma Yıldırım deyib: "Məlumatlar təsdiq edir ki, Ramiz Mehdiyevin ətrafında formalaşmış strukturların "dövlət şurası" modeli altında konstitusion idarəetmə institutlarını səmərəsiz göstərmək və alternativ legitimlik görüntüsü yaratmaq niyyəti, mahiyyət etibarilə dövlət çevrilişinə yönəlmiş planın tərkib hissəsi olub. Bu ideyanın illər öncə radikal müxalifət tərəfindən irəli sürülmüş "Milli Şura" konstruksiyası ilə paralelliyi təsadüfi hesab edilə bilməz.
Mövcud faktlar eyni zamanda istisna etmir ki, Ramiz Mehdiyev və radikal müxalifət lideri Əli Kərimli arasında müəyyən gizli görüşlər keçirilib və Azərbaycanda dövlət çevrilişinə yönələn ssenarilər üzərində koordinasiyalı şəkildə işlənib. Bu ehtimallar hüquq-mühafizə orqanlarının araşdırma predmeti olmaqla yanaşı, siyasi baxımdan da narahatlıq doğurur.
Əli Kərimlinin xarici dairələrlə, xüsusilə də Rusiya ilə əlaqələri ətrafında uzun müddətdir mövcud olan suallar da bu kontekstdə yenidən aktuallaşır. Xatırlatmaq yerinə düşər ki, adı "Milli Şura" olan, lakin mahiyyətcə antimilli pozisiya sərgiləyən qurumun vaxtilə Rusiya hökumət dairələrinə ünvanladığı məktub həmin dönəmdə də geniş ictimai narazılığa səbəb olmuşdu. Bu fakt bir daha göstərir ki, bəzi siyasi dairələr üçün Azərbaycanın milli maraqları deyil, xarici mərkəzlərin ssenariləri prioritet təşkil edib.
Azərbaycan dövləti təhdidlər qarşısında həmişə qətiyyətli olub və olacaq. Konstitusion nizamı pozmağa yönələn istənilən təşəbbüs, onun siyasi rəngindən və iştirakçılarından asılı olmayaraq, hüquqi məsuliyyət doğurur.
Bu gün ölkəmiz post-münaqişə dövrünün taleyüklü çağırışları ilə üz-üzədir, regionda yeni siyasi arxitektura formalaşır. Belə bir məqamda daxili sabitliyi pozmağa yönəlmiş paralel planların mövcudluğu, əslində, Azərbaycanın inkişafına və müstəqil siyasətinə qarşı xarici dairələrin maraqları ilə üst-üstə düşür.
Bizim mövqeyimiz dəyişməzdir.
Azərbaycan dövləti güclüdür. Cəmiyyətin iradəsi sabitdir. Heç bir gizli plan, heç bir koordinasiya olunmuş təxribat ölkəmizin dövlətçilik dayaqlarını sarsıda bilməz.
İstintaqın obyektiv nəticələri hüquqi çərçivədə təqdim ediləcək, dövlət maraqlarına qarşı yönəlmiş bütün cəhdlər isə qanunun sərt tələbləri əsasında qiymətləndiriləcəkdir".