99 illik razılaşma: ABŞ TRİPP ilə NATO-nu Cənubi Qafqaza gətirir? – ÖZƏL

"TRİPP marşrutu bu gün çox müzakirələrə səbəb olan bir layihədir. Çünki onun mahiyyəti, nə dərəcədə və hansı səviyyədə fəaliyyət göstərəcəyi hələ tam aydın deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, lakin mətbuatda yayılan məlumatlara görə, "TRİPP Company"Ermənistan şirkətləri ilə 49 və ya 99 illik müqavilə bağlamağa hazırlaşır. Bu isə o deməkdir ki, Amerikanın siyasi və iqtisadi maraqları burada paralel şəkildə hərəkət edəcək. ABŞ bir çox bölgələrdə olduğu kimi, bu layihədə də iqtisadi maraqlarını siyasi təsir mexanizmi ilə birgə həyata keçirməyə çalışır. Nəticə etibarilə "TRİPP Company"Ermənistanla əməkdaşlıq etsə də, ABŞ regionda həm siyasi, həm iqtisadi, həm də müşahidəçi və iştirakçıdan daha artıq gücə malik aktora çevrilmiş olur.

Ekspert qeyd edir ki, bu vəziyyət 1990-cı illərdə Azərbaycanın neft kontraktları dövrünü xatırladır. O zaman da xarici investorlar yatırımlarının müqabilində müəyyən istəklərlə çıxış edir, iqtisadi yatırımlar siyasi təsir mexanizminə çevrilirdi. Çünki heç bir şirkət hər hansı regionda yalnız iqtisadi maraqla fəaliyyət göstərmir, siyasi çalarlar mütləq mövcud olur.
"TRİPP Company" də istisna deyil. ABŞ bu layihə vasitəsilə regionda birbaşa iştirakçıya çevrilmək niyyətindədir və böyük ehtimalla buna nail olacaq. Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın eyni coğrafiyada yerləşməsi fonunda bu layihə həm də İranla qarşıdurma kontekstində əlavə geosiyasi çalarlar yaradır. ABŞ-nin Ermənistandakı varlığı müəyyən mənada İranın bölgədəki təsirini zəiflədə bilər.

"Digər tərəfdən, TRİPP marşrutu Cənub Qafqazdan keçən yüklər üçün, xüsusilə Bakı-Tbilisi-Qars xəttinə alternativ kimi də nəzərdən keçirilir. Əgər ABŞ bu layihəyə daha çox investisiya qoysa və daha çevik logistika təklif etsə, o zaman bəzi yüklərin BTQ xətti əvəzinə TRİPP marşrutuna yönəlməsi mümkündür. Əks halda, Cənub Qaz Koridoru və mövcud nəqliyyat xəttinin üstünlüyü davam edəcək.
Aydındır ki, burada həm siyasi, həm də iqtisadi maraqlar əsas rol oynayır. ABŞ-nin bu regionda mövcudluğu NATO-nun birbaşa bölgədə olması deməkdir. Türkiyə NATO-nun ən güclü dövlətlərindən biri olsa da, NATO əsgərlərinin və eyni zamanda Avropa Birliyinin bölgədə fiziki iştirakı bölgənin siyasi balansını dəyişə bilər. Bu isə həm Rusiyanın regiondan uzaqlaşdırılması, həm də İranın təsirinin balanslaşdırılması kimi məqsədlər daşıyır. NATO-nun Cənubi Qafqazda möhkəmlənməsi bölgənin siyasi mənzərəsinin ABŞ və Avropanın təsiri altına keçməsi deməkdir.
Baxmayaraq ki, layihə Ermənistan üzərindən həyata keçirilir, region vahid geosiyasi məkandır. Ona görə də danışıqlar elə şəkildə aparılmalıdır ki, Türkiyənin, Azərbaycanın və Ermənistanın maraqları nəzərə alınsın. Müqavilələrin faiz bölgüsü, görüləcək işlərin həcmi və ümumi təsir balansı bütün tərəflər üçün qəbulolunan səviyyədə tənzimlənməlidir," - deyə siyasi ekspert sonda vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31