“Terrorçu Melkonyanın qəhrəmanlaşdırılması Avropa İttifaqının əsl simasını göstərir” – Şakir Ağayev – ÖZƏL
9 Dekabr 2025 16:12 SiyasətAzərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa İttifaqının (Aİ) yüksək səviyyəli rəsmilərinə, Kaya Kallas, Maqdalena Qrono və Mariyana Kuyundziçə müraciət ünvanlayıblar. Müraciətdə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Hərbi-İdman Liseyinin Aİ-nin Hərbi Orta Məktəblər Forumuna qoşulması xəbərinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurduğu vurğulanıb.
Qeyd olunur ki, Melkonyan 1990-cı illərdə Kəlbəcər rayonunda amansız hərbi cinayətlər törədib və həmçinin 70-80-ci illərdə türk diplomatlara qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqəli olub.
Vətəndaş cəmiyyəti nümayəndələri Monte Melkonyanın hələ də qəhrəmanlaşdırıldığına diqqət çəkərək, bəzi Aİ rəsmilərini Melkonyanın Azərbaycan xalqı üçün nə demək olduğunu görmək üçün onun Kəlbəcərin işğalı zamanı çəkilmiş videogörüntülərinə baxmağa çağırıb və liseyin üzvlük statusu almasına dair memorandumun imzalanmasının qarşısının alınmasını tələb ediblər.

Mövzu ilə bağlı Olaylar.az-a siyasi şərhçi Şakir Ağayev açıqlama verib. Siyasi şərhçi bildirib ki, Monte Melkonyan kimi bir terrorçunun qəhrəman kimi təqdim etməsi, əlbəttə ki, Azərbaycan üçün qəbuledilməzdir. Çox təəssüf ki, bu addım bir daha Avropa İttifaqının əsl simasını, terrorçulara münasibətdə "özünküləşdirmə" yanaşmasını və lazım gəldikdə öz məqsədləri üçün belə şəxslərdən istifadə etməyə hazır olduğunu göstərir. Monte Melkonyan kimdir, hansı terror fəaliyyətləri ilə Azərbaycana qarşı çıxıb və Azərbaycan xalqına, dinc əhaliyə qarşı necə zülm edib - bütün bunlar dünyaya bəllidir. Lakin çox təəssüf ki, Avropa İttifaqının Cənubi Qafqazda Ermənistan vasitəsilə öz maraqlarını təmin etmək məqsədilə Monte Melkonyanı bu formada qəhrəmanlaşdırması təşkilatın nüfuzuna ciddi xələl gətirir. Təəssüf ki, Avropa İttifaqının səhvləri bununla məhdudlaşmır.
"Bilirsiniz ki, bir neçə gün əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında strateji tərəfdaşlıq sənədi imzalanıb. Həmin sənəddə Azərbaycana qarşı, üçüncü tərəfin razılığı alınmadan - bu da diplomatik qaydalara ziddir - bir sıra müddəalar yer alır. Orada Azərbaycanı narahat edən kifayət qədər məqamlar mövcuddur.
Artıq bizim Xarici İşlər Nazirliyimiz də bununla bağlı geniş bəyanat yayıb. Məsələn, sənəddə Azərbaycanın hərbi əməliyyatları zamanı Qarabağdan çıxmış ermənilərin geri qayıtması barədə müddəa yer alıb, lakin Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların məsələsinə toxunulmur," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, əlavə olaraq Azərbaycanda hazırda gedən məhkəmələrdə terror və separatizm fəaliyyətinə görə ittiham olunan şəxslərin azad edilməsi məsələsi də sənəddə qeyd olunur və sair. Avropa İttifaqının bu mövqeyi Azərbaycan-Ermənistan arasında artıq yaxınlaşmaqda olan sülh müqaviləsinə maneə yaradır, prosesə zərbə vurur. Təkcə Melkonyan məsələsi deyil, ümumən Avropa İttifaqının son zamanlar atdığı addımlar münasibətlərin normallaşmasına yardım etmək əvəzinə, əksinə, prosesi əngəlləyir.
"Görünən odur ki, Avropa İttifaqı, xüsusilə də Fransa, Cənubi Qafqazda yenidən Ermənistanı bir alət, bir vasitə kimi istifadə edərək öz maraqlarını təmin etməyə çalışır və hətta Melkonyan kimi terrorçuların qəhrəmanlaşdırılmasından belə çəkinmir. Bu isə Avropa İttifaqının əsl simasının göstəricisidir," - deyə Ş. Ağayev sonda vurğulayıb.
Lamiyə Cəbrayılova