Moskva niyə sərt reaksiya verdi? – İrəvanın Qarabağ sənədləri "siyasi sabotaj" sayılır – ÖZƏL

"Ermənistanın artıq  dəfələrlə dövlətlər arası yazışmaları ictimailəşdirib. Eyni zamanda, keçmiş Qarabağ münaqişəsinin danışıqları ilə bağlı sənədləri ictimailəşdirməsi də təkcə daxili siyasi auditoriyaya hesablanmış addım deyil, həm də regional diplomatiyanın uzun illər formalaşmış davranış kodeksinə ziddir. Məsələ ondadır ki, beynəlxalq vasitəçilik prosesində, xüsusilə, ATƏT-in Minsk qrupu formatında  tərəflər arasında razılaşdırılmamış sənədlərin açıqlanması ümumən qəbuledilməz sayılır. Çünki bu, həm müzakirələrin gizliliyini, həm də dövlət başçıları səviyyəsində aparılmış yazışmaların toxunulmazlığını pozur." 

Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, Rusiya XİN-in sərt reaksiyası da məhz buradan qaynaqlanır. İrəvan rəsmi olaraq yalnız Serj Sarkisyanın Putinə ünvanladığı məktubu yayımladığını bildirir, lakin məsələnin mahiyyəti təkcə bir məktubun məzmununda deyil. Bu, diplomatik prosesin bütövlükdə etik konturlarının dağıdılması kimi qiymətləndirilir. Çünki məktubun müəllifi Ermənistan tərəfi ola bilər, amma sənəd beynəlxalq vasitəçilik mexanizminin materialı hesab olunur və buna görə də onun açıqlanması üçün həmsədrlərlə razılaşdırma tələb olunur. Bu, yazılmamış, amma bütün dövlətlərin əməl etdiyi fundamental diplomatik qaydadır.

B. Quliyev qeyd edib ki, Rusiya narazılığının digər səbəbi isə daha dərin siyasi kontekstdədir. İrəvanın danışıqların arxivini birdən-birə açması Moskvanın Cənubi Qafqazdakı rolunu kölgəyə salmaq, keçmiş danışıqlar mexanizminin legitimliyini sual altına almaq cəhdi kimi qəbul edilir. Yəni məsələ yalnız "məktubu kim yazıb, kim açıqlayıb" məsələsi deyil, məsələ prosesin geosiyasi tərəqqisindədir.
Digər tərəfdən, Ermənistanın "Biz yalnız öz məktubumuzu dərc etmişik, Rusiyanın məktubuna toxunmamışıq" arqumenti də diplomatik baxımdan tam əsaslı deyil. Çünki qarşı tərəfə ünvanlanan məktub, xüsusilə prezidentlər arasında gedən rəsmi yazışma, iki ölkənin birgə diplomatik mühitinə aid sənəd sayılır. Bu baxımdan hər iki tərəfin razılığı olmadan açıqlanması etiket normalarına uyğun gəlmir.

"Hesab edirəm ki İrəvanın bu addımı həm diplomatik etika baxımından yanlış, həm də regiondakı güc balansı kontekstində riskli hesab olunur. Moskvanın narazılığı da buna görə texniki deyil, siyasi xarakter daşıyır. Ermənistanın bu sənədləri yaymaq üçün rəsmi icazə alıb-almaması məsələsi deyil, bu dövlətlərin illər boyu formalaşdırdığı davranış kodeksinin pozulmasıdır, " - deyə ekspert bildirib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31