“Qərbin sevimlisi” yox, Rusiyanın əlaltısı? - ÖZƏL
9 Dekabr 14:42 Siyasət30 ildir ki, Azərbaycan Xalq Cəbhəsi (AXCP) adlı siyasi partiyaya rəhbərlik edərək özünü "ana müxalifət" kimi təqdim edən Əli Kərimlinin siyasi fəaliyyəti fiaskoya uğrayıb. Sən demə siyasi riyakarlıqdan başqa heç bir fəaliyyəti olmayan Kərimli hakimiyyətə gəlmək sevdasına düşübmüş. Bu işdə özünə arxa, dayaq, maddi və mənəvi dəstəkçi də tapıbmış. Özü də təkcə ölkə daxilində, hakimiyyətin ən yuxarı eşalonunda yox, həm də xarici dövlətdə. Ramiz Mehdiyev və Əli Kərimli "çevriliş planını" elə qurublar ki, fələk də gəlsə baş açmasın. Amma kələfin ucu açılanda məlum olur ki, Əli Kərimli bu vaxta qədər özünü təqdim etdiyi kimi "Qərbin sevimlisi" yox, Rusiyanın əlaltısı imiş.
Sirr deyil ki, Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək planının başında uzun illər dövlətin bütün imkanlarından yararlanan, son illərə qədər hakimiyyətdə yüksək post tutan sabiq PA rəhbəri Ramiz Mehdiyev dayanıb. Mehdiyevin dövlət əleyhinə fəaliyyətinin əsas hərəkətverici qüvvəsi qismində isə "Milli Şura" adlanan qurum və orada təmsil olunan Kərimli-Həsənli-Hacıbəyli üclüyü olub. DTX-nın Əli Kərimlinin evində həyata keçirdiyi əməliyyatlar zamanı AXCP sədrinin mənzilindən Ramiz Mehdiyevin ona ünvanladığı məktubun redaktə edilmiş variantının tapılması bütün gizli məqamları üzə çıxarıb.
Ramiz Mehdiyev, Əli Kərimli və digər AXCP üzvlərinin riyakar oyunlarında dövlətə düşmənçilik xətti uzun müddətdir ki, müşahidə olunmaqdadır. Dövlətin siyasi, iqtisadi, mənəvi və milli imicinə zərbə vurmağa çalışanlar arasındakı xəyanət telləri çoxdan bir-birinə bağlıydı. Gizli əlaqələrə əl atanlar maddi maraqlara görə dövləti satanlar, xarici dövlətlərlə gizli əməkdaşlıq edənlər, hakimiyyətə gəlmək üçün dövlətin siyasi dayaqlarını dağıtmağa çalışanlar nəfslərinə sahib çıxa bilmədilər. Lakin dövləti idarə edən müdrik insanlar bütün məsələləri təmkinlə, dövlətin mövcud mövqelərinə zərər dəymədən, diplomatik və düşünülmüş şəkildə nizamlamaq üçün prosesi bu formada aparmağa üstünlük verdilər.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, son illərə qədər Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırılsa ölkənin idarəçiliyində böhran yaranacaq", yaxud "Mehdiyev getsə İlham Əliyev hakimiyyəti zəifləyəcək" kimi cəmiyyətə sırınan fikirlərin məhz Kərimli-Həsənli-Hacıbəyli üçlüyü və onların yaxın ətrafı tərəfindən tirajlandığı artıq məlum olur: "Düzdür, Mehdiyevin yüksək postdan getməsi müəyyən problemlər yaratdı. Ancaq kimə və necə? Əlbəttə ki, saxta demokratlara. İndi məlum olur ki, ölkədə radikal siyasi düşərgənin himayə edən, onun "xaç atası" rolunu oynayan məhz Ramiz Mehdiyev olub. Diqqət etsək görərik ki, Ramiz Mehdiyev vəzifədən gedəndən sonra radikal siyasi düşərgə bir dəfə də olsa etiraz aksiyası keçirmək istəyini səsləndirməyib. Halbuki Mehdiyev PA rəhbəri olarkən Kərimli və onun radikal düşərgəsi demək olar ki, hər həftə paytaxtda heç bir sosial sifariş olmadığı halda aksiyalar keçirir, ictimai-asayişi pozmağa çalışırdılar. İlham Əliyev hakimiyyətinə təzyiq etmək məqsədilə mitinqlərə sərf edilən yüz minlərlə vəsait isə bu düşərgəyə "boz kardinal" tərəfindən verilirdi. Bir növ Mehdiyev dövlətin pulunu dövlətə zərbə vurmaq üçün radikallara sərf edirdi. Xalqın radikal siyasi düşərgəni dəstəkləməməsi. xaos. anarxiyaya yox deməsindən dolayı ortada olan nəticəsizlik əslində "boz kardinal"ın himayə etdiyi "Milli Şura"nın fiaskosu idi. İndi vəzifədə nə Mehdiyev var, nə də paytaxtda, ümumən ölkədə ictimai-asayişi pozamağa yönəlik aksiyalar. Çünki radikalizm Azərbaycan cəmiyyəti tərəfindən dəstək görmədi".
Cərəyan edən prosesləri analiz edərkən belə nəticəyə gəlmək olur ki, əslində Mehdiyev-radikal siyasi düşərgə, xüsusilə də Kərimli-Mehdiyev işbirliyinin növbəti mərhələsi 2010-cu ildən qurulub. 2010-cu ilə qədər isə Mehdiyev Kərimliyə ölkədə siyasi gərginlik yaratmaq üçün maliyyə dəstəyi verib. Müntəzəm olaraq keçirilən məxfi görüşlər, aparılan yazışmalar əsasında dövlət çevrilişi üçün zəmin və mövcud situasiya axtarılıb. Nəhayət, 2025-ci ilin oktyabrında antiAzərbaycan qüvvələr həmin planı həyata keçirməyə cəhd ediblər. Lakin Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi uğurlu əməliyyat nəticəsində onun qarşısı alınıb".
Nurlan