Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüquqa söykənir- ÖZƏL
9 Dekabr 13:37 Siyasət"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 yanvar 2023-cü il tarixində qəbul olunub. Konsepsiyanın ana xətti indiki Ermənistan ərazisindən zorla köçürülmüş bütün azərbaycanlıların və onların varislərinin həm fərdi, həm də kollektiv şəkildə öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və könüllü qaytarılma hüququnun reallaşdırılmasıdır. Bunun üçün hüquqi mexanizmlər, beynəlxalq razılaşma, beynəlxalq monitorinq, təhlükəsizlik təminatı, humanitar, sosial və iqtisadi yardım, həmçinin mədəni irsin bərpası və reinteqrasiya tədbirləri nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Konsepsiya həm milli, yəni Qərbi Azərbaycan İcmasının hədəfləri, həm də beynəlxalq hüquq əsaslarına söykənir. Beləliklə, Qayıdış sadəcə simvolik deyil, hüquqi və praktik çərçivəsi olan planlaşdırılmış strateji siyasətdir. Bir neçə gün bundan öncə - dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə ənənəvi olaraq Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günündə Bakıda keçirilmiş "Mədəni İrs və Qayıdış hüququ: Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalət, barış və sülh yolu" mövzusunda III beynəlxalq konfrans da məhz bu məqsədlərə xidmət edən növbəti siyasi addımdır. Toplantıya dünyanın 61 ölkəsindən 100-dən çox nümayəndənin qatılması onun beynəlxalq əhəmiyyətinin və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına böyük marağın göstəricisidir".