Qərbi Azərbaycana qayıdış məsələsi yalnız iddia deyil, həm də dövlət siyasətidir- ÖZƏL
9 Dekabr 13:31 Siyasət"Azərbaycanın apardığı davamlı diplomatik gedişlər nəticəsində artıq bu gün hüquq, humanitar çərçivə və regional sabitlik baxımından beynəlxalq aktorların mövqeyini məqbul hesab etmək olar. Belə ki, Avropa İttifaqı (Aİ) Qərbi Azərbaycana qayıdış məsələsini emosional-tarixi müstəvidə deyil, birbaşa humanitar və hüquqi prizmada qiymətləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Aİ üçün əsas prinsip təhlükəsiz, könüllü və ləyaqətli qayıdışdır. ABŞ və bölgə ölkələri regionda uzunmüddətli sülhün tərəfdarıdır və insan hüquqları kontekstində "qayıdış hüququ" prinsipini tanıyır. Dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətində xüsusi qeyd edilir ki, 2025-ci ilin 8 avqustunda ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyanat və sülh razılaşmasının ilkin mətninin qəbul edilməsi həm xalqımız, həm region üçün sülhə və tolerantlıq ruhuna əsaslanan yeni ümidlər yaratmışdır. Hər fürsətdə "Biz o torpaqlara tanklarda deyil, avtomobillərdə qayıdacağıq" ismarıcını verən dövlətimizin başçısı sülhsevər siyasətini ortaya qoymaqla bu prosesin fonunda həmçinin Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına geri qayıdacağına və xalqlarımız arasında mehriban qonşuluq münasibətlərinin bərpa olunacağına inamını ifadə edib.
Bu baxımdan Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer almış müddəaları bu istiqamətdə yeni mərhələnin başlanmasının anonsu kimi də dəyərləndirmək olar. Belə ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq yalnız iddia deyil, daha çox rəsmi dövlət siyasəti, beynəlxalq diskurs və praktiki addımlar kontekstinə daxil olmaqdadır. Qayıdış konsepsiyası bu prosesin əsas çərçivəsidir və ölkə rəhbərinin açıq dəstəyi, beynəlxalq legitimlik və ictimai rəy bu siyasətin gerçəkləşməsi üçün ilkin bazanı formalaşdırır".