AXCP sədrinin məhkəməsinə heç 30 tərəfdarı gəlmədi - səbəb

 

"Bu il AXCP-nin partiya olaraq qurulmasının 30 illiyidir. Əli Kərimli 30 ildir partiyaya faktiki sədrlik edir. İstiqlal hərəkatının - AXC-nin əsas mülkiyyətinə sahiblənən partiyanın sədri kimi həbs olunasan, guya ana müxalifətin liderisən, yazıların beynəlxalq mətbuatda çıxa, beynəlxalq təşkilatlara dəvətlər alasan, həbsinə beynəlxalq reaksiyalar ola, FB səhifəni 200 mindən çox adam izləyə, xaricdən yayımlanan televiziyaların ola, təşkilatı strukturunda əsasən troll kimi olsa da, çalışan 300 fəalın ola, amma məhkəmənə 30 adam gələ".

Bu sözlərin müəllifi uzun müddət AXCP sıralarında olan, AXCP sədrliyinə namizədliyini verən və bu iddiasına görə də partiyadan uzaqlaşdırılan Sahib Kərimlidir.

O bildirib ki, "məhkəməyə 30 adam gələ bilirsə, şəkil çəkdirə bilirsə, 30 min də gələ bilər" iddiası gülüncdür: "Bu boyda qondarma status və imkanlarla, bu necə liderlikdir ki, 30 il sədri olduğun partiyada sənin üçün özünü fəda etməyə 30 adam yoxdur. Hanı emosiyalarına hakim ola bilməyib ağlayan fanatların? Hanı həbsdə səni qorumaq üçün qəsdən həbsə düşən aşiqlərin? O boyda təşkilatı və ideyanı xərcləyib, otuz ilin hər bir ilinə cəmi bir nəfər məhkəmədə şəkil çəkdirməyə kadr yetişdirən partiya sədrini ölməyə qoymamaq üçün, onu həbs etmək son çarədir".

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli 2 ay 15 gün müddətinə həbs edilib. O, AR Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Əli Kərimlinin barəsində seçilən həbs-qətimkan tədbirindən verilən apelyasiya şikayətinə dekabrın 5-də baxılıb. Şikayət təmin edilməyib. 

AXCP sədri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat"a bildirdi ki, liderlərin real siyasi qüvvəsini göstərmək, yaxud təsbit etmək mexanizmləri zəifdir: "Ona görə də kimin səsi ucadan çıxırsa, kimin 3-5 nəfər xaricdə və ya daxildə adamı varsa, "mən böyük liderəm" deyib ortalığa çıxa bilir. Amma real seçkilər, rəqabət olsa, hər kəsin liderliyinin böyüklüyü, partiyasının strukturlarının nə qədər dayanıqlı olduğu görünər. İndi şübhə doğurmur ki, bu partiyanın da illərlə gündəmdə olması hakimiyyət daxilində hansısa qüvvələrin marağında olub. Mümkündür ki, onları olmadıqları gücdə göstəriblər. Real güc nümayiş etdirmək lazım gələndə mövcud durum yaranır". 

T.Abbaslı qeyd etdi ki, "Siyasi partiyalar haqqında" Qanun qəbul ediləndən sonra bir çox təşkilatın real gücü ortalığa çıxdı: "Qanuna əsasən, 5 min üzv sayı təqdim etməlisən. Dünənə qədər yüzminlərlə üzvü olduğunu iddia edənlər minimum tələbi güc-bəla ilə verdilər. Ondan sonra həqiqət üzə çıxdı ki, hansı partiyanın gücü nə qədərdir. İndi bu liderlik məsələsində də xüsusi qruplar vasitəsilə özünün çıxışının paylaşımlarını təmin etmək, sosial şəbəkələrdə saxta bəyənmələr və özünü lider kimi təqdim etməyə cəhdlər var idi. Hətta belə fikirlər də səslənirdi ki, Əli Kərimli saxlanılsa, Azərbaycan bir-birinə dəyər. Mən heç kimin saxlanılmasına sevinmirəm. Bunun da tərəfdarı deyiləm. Amma hər kəs etdiyi hərəkətlərə, atdığı addımlara görə cavab verməlidir. Bizim mövqeyimiz bu məsələdə odur ki, adama özünü müdafiə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqları tanınmalı, şərait yaradılmalıdır ki, özünü müdafiə etsin. Haqlıdırsa, azadlığa çıxsın. Haqsızdırsa, hamı kimi cəzasını çəksin. Zamanla hər şey qaydasına düşəcək. Cəmiyyət zamanla kimin kim olduğunu görəcək. Partiyaların, siyasi liderlərin hansının hansı gücdə olduğu mütləq görünəcək. Ümid edirəm ki, proseslər o istiqamətdə inkişaf edəcək".

Deputat Vüqar İskəndərov Araiklə AXCP sədrinə heç bir fərq qoymadığını qeyd etdi:"Hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər birmənalı olaraq vətənə xəyanətdir, dövlətə xalqa düşmənçilikdir. Əslində, Əli Kərimli ilə bağlı atılan bu addımlar çoxdan olmalıydı. Çünki bu adam partiyanı siyasi fəaliyyət kimi yox, öz ambisiyaları üçün istifadə edirdi. Ona bu tapşırıqları görünür, verən var imiş. Əli Kərimli o qədər düşmən mövqeyə çəkilmişdi ki, iqtidarla dialoqa gedən müxalif partiyaları da tənqid və təhqir hədəfinə alırdı. Ancaq anlamırdı ki, müxalifətin də iqtidarın əsas məqsədi dövlətin inkişafı olmalıdır, ikitirəlik salmaq yox!" 

Onun sözlərinə görə, 30 il ərzində Əli Kərimli ancaq ona inanan bəzi insanları qurban verməklə məşğul oldu: "Partiyasında 1 nəfər də olsun lider yetişdirə bilmədi ki, həmin gənc siyasi fəaliyyətlə məşğul olsun. Hətta vaxtilə AXCP sıralarında olan, AXCP sədrliyinə namizədliyini verən Sahib Kərimli də bu iddiasına görə partiyadan uzaqlaşdırılmışdı. 

30 il ərzində ancaq öz cibini doldurmaq, övladını xaricdə yağ-bal içində yaşatmaqla partiyasını da, onun üzvlərini də sanki xərclədi. Hər dəfə partiya fəalları müəyyən qanunsuzluqlarla həbs ediləndə sanki onlara təzyiq var kimi göstərirdi. Ancaq özü bir dəfə də olsun ki, bu təzyiqlərlə üzləşmədi. Araşdırmalar göstərir ki, o, sən demə, Ramiz Mehdiyevin çətiri altında imiş. Əli Kərimlinin işi-gücü ancaq beynəlxalq arenalarda səs-küy salmaq, onun-bunun ətəyindən tutaraq hakimiyyətə gəlmək sevdası olmuşdu. Onun-bunun minnəti ilə hakimiyyətə gələn nə idarəçilik edə bilərdi axı?! Əli Kərimlinin məqsədi dövlətin sütunlarını tərpətmək, dövlət içində çaxnaşma yaratmaqdan başqa bir şey olmayıb. Çünki onun kimilər üçün dövlət, vətən anlayışı ancaq sahiblərini razı salmaqdan ibarətdir. 90-cı illərdə bu partiyanın bölünməsi, fikir ayrılığı da göstərdi ki, Əli Kərimli heç vaxt normal müxalifətçilik etmək istəməyib. Adamın xəstə təfəkkürü ancaq Ramiz Mehdiyevin çətirinin altında verilən vədlərə inanmaq və kimlərisə bu yolda fəda edərək özünü xarici "dayı"larına yaxşı göstərmək olub. Artıq çox ciddi maddə ilə AR Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Bu gün isə görünən odur ki, onun klaviatura şəbəkəsi də, deyəsən, ancaq maddi qarşılıq əsasında işləyib. Əli Kərimli pul qarşılığında iş görənləri ətrafına toplamaqla özünü bir şey hiss edib. Ancaq pul qarşılığında iş görməyə bizim xalq çox gözəl ad qoyub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31